30 İyul 2016 12:37
725

Xəbər verdiyimiz kimi, İrəvanda gecə saatlarında polislə etirazçılar arasında toqquşma baş verib.

Ermənistan Səhiyyə Nazirliyi toqquşmalar zamanı 60 nəfərin xəstəxanalara müraciət etdiyini təsdiqləyib. İrəvan polisinin yaydığı məlumatlarda insidentdən sonra 165 nəfərin saxlanıldığı bildirilib. Onlara qarşı xuliqanlıq maddəsi ilə cınayət işi başlanıb.

Saat 10:05

Gecə saatlarında İrəvanda baş verən iğtişaşlardan sonra 100 nəfər polis bölməsinə aparılıb.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, ümumilikdə hadisələr zamanı 60 nəfər xəsarət alıb.

Məlumatlara görə, polis nümayişi dağıtmaq üçün rezin güllələrdən, gözyaşardıcı qazdan, su şrınaqlarından və dəyənəklərdən istifadə edib. Xəsarət alanların əksəriyyəti nümayiş iştirakçısıdır. Aksiya tamamilə dağıdılıb.

Xəsarət alanlar arasında Rusiyanın "Life" agentliyinin jurnalisti də olub.

Ermənistanın Avropa Şurasının baş katibi Torborn Yaqland İrəvanda baş verənləri qiymətləndirib:

"Ermənistan Avropa Şurasının üzvüdür. Xatırlatmaq istəyirəm ki, qanunun aliliyini əldə rəhbər tutan ölkələrdə hər şey demokratik yolla həll olunmalıdır. İrəvanda baş verənlər isə demokratiyadan uzaqdır. İrəvan hökumətini sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırırıq".

ABŞ tərəfi də İrəvan hakimiyyətinə çağırış ünvanlayıb. ABŞ-ın bu ölkədəki səfirliyi hadisələri danışıqlar yolu ilə həll etməyə çağırıb: "Biz hər kəsi təmkinli olmağa, hərəkətlərə qarşı qanun çərçivəsində cavab verməyə və vəziyyətin sülh yolu ilə həllinə çağırırıq".

Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sərkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.

İyulun 20-dən başlayaraq, İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.

İyulun 26-da silahlılarla polislər arasında atışma baş verib. Hadisə zamanı 2 silahlı və 1 polis yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Oxşar hadisə iyulun 27-də də baş verib. Yaralı qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün polis alayının binasına daxil olan 4 həkim də girov götürülüb.

Samir


Müəllif: