25 Aprel 2018 21:00
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis kəşfiyyatı uzun illər İngiltərə tarixçiləri Erik Xobsbaum və Kristofer Hillin şəxsi yazışmaları, telefon danışıqları, dostları və xanımlarını izləyib.

Teleqraf.com xəbər verir ki, İngiltərədə ortaya çıxan məxfi sənədlərdə marksist tarixçilərin on illər boyunca Mİ5 tərəfindən izləndiyi, onların əhatə dairəsinin, yaxınlarının fəaliyyətinin araşdırıldığı bəlli olub.

Məxfilik statusunu itirən kəşfiyyat sənədlərinə əsasən, Mİ5 kommunist düşüncəli məşhur şəxsləri hələ "soyuq müharibə"dən əvvəl izləməyə başlayıb.

Mİ5 Erik Xobsbaum və Kristofer Hill ilə yanaşı tarixçi Taylor, yazıçı İris Murdok, filosof Mari Varnok üçün də xüsusi dosye açıb. Bu şəxslərə qarşı dosyenin açılmasına səbəb isə onların 1959-cu ildə nüvə bombasına qarşı birgə açıqlama ilə çıxış etməsi, bu silahın dünyanı məhvə aparması haqda fikirləri olub.

2012-ci ildə vəfat edən Erik Xobsbaum 5 il əvvəl özü haqqında açılan məxfi dosyelərlə tanış olmaq üçün cəhdlər edib, lakin onun istəyi rədd olunub. Xobsbaum və Hill haqqında sənədlərin bir bölümündə korrekt davranmaları barədə fikir işlədilib. Xobsbaum barəsində hazırlanan dosyedə bir sənəd məhv edilib. Məhv edilən sənəd Xobsbaumun məktublaşdığı şəxslərin ünvanları və kimliyi haqda olub.

Sənədlərdən bəlli olur ki, tarixçi Xobsbaum Mİ5-in diqqətini 1942-ci ildən çəkməyə başlayıb. Çünki həmin dövrdə Xobsbaum və 38 dostu Britaniya Kommunist Partiyasının üzvü kimi tanınırmış. Roger Hollis və Valentina Vivan adlı kəşfiyyatçıların Xobsbaumun Xarici İşlər Nazirliyində vəzifəyə gətirilməsinə mane olduğu da qeyd edilib. Mİ5-nın Xobsbaumu izləməsinin məqsədi isə tarixçinin əlaqədə olduğu şəxsləri müəyyən etmək, kəşfiyyatın bilmədiyi gizli və açıq kommunist intellektləri ortaya çıxarmaq olub. Xobsbaumun 1956-cı ildə SSRİ-nin Macarıstana müdaxiləsindən sonra Kommunist Partiyası ilə münasibətləri soyuyub.

Xristofer Hillin Mİ5 tərəfindən hədəf seçilməsinə səbəb isə 1935-ci ildə tələbə olaraq SSRİ-yə səfər etməsi olub. Ancaq Kristofer Hill 1957-ci ildə Kommunist Partiyasından ayrılıb. Xobsbaum dünyada 19 və 20-ci əsrə dair yazdığı kitablar, tarixi araşdırmaları ilə tanınsa da, Hill İngiltərə daxili müharibəsi və kapitalizmə keçidlə bağlı müzakirələri ilə tanınıb.


Müəllif: Cavad