11 Fevral 2015 08:04
426

Yaponiyanın Fukuşima şəhərində “Koori Logitech Co.” şirkətinin təşkilatçılığı ilə “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminar keçirilib. Adı 2011-ci ilin martında baş vermiş dəhşətli zəlzələ və “Fukusima-1” atom elektrik stansiyasında qəza ilə bağlı bütün dünyada məşhur olan bu prefekturada Azərbaycan haqqında ilk seminar yerli iş adamları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, martın 4-də yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri başlayır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.

Teleqraf.com-un məlumatına görə, seminarda Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verilib, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə geniş danışılıb. Bildirilib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir.

Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən, Heydər Əliyev prospektinin yenidən qurulması işlərindən söz açıb.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.

Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, cari ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırda ciddi hazırlığın aparıldığı da seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz yataqlarından, Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın münbit torpaqlarından danışan K.İşida ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğunu bildirib. Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on iki ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır.

Qarabağ müharibəsinin yaratdığı ciddi problemlərə baxmayaraq, Azərbaycanın qısa zaman kəsiyində nəinki özünü bərpa etdiyi, eyni zamanda dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yönəldən qabaqcıl dövlətə çevrildiyi xüsusi qeyd edilib.Seminarın sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.


Müəllif: