20 Aprel 2014 23:39

Yəmənin cənubunda ABŞ ordusunun pilotsuz təyyarə ilə etdiyi hücum nəticəsində Əl-Qaidə qruplaşması ilə əlaqəli olduğu bildirilən azı 30 döyüşçü həlak olub. Xeyli sayda yaralıların olduğu bildirilir.

Bu barədə Franspres agentliyi xəbər verir. Məlumata görə, Aviahücum Yəmənin Əl-Beyda vilayətində həyata keçirilib. Pilotsuz təyyarədən döyüşçülərin olduğu güman edilən avtomobilə raket zərbəsi endirilib. Başqa bir mənbə hücum nəticəsində, yaxınlıqda olan 2 maşına da ziyan dəydiyini və aviazərbə nəticəsində 5 mülki şəxsin həlak olduğunu, 6 nəfərin isə yaralandığını xəbər verir.

Ötən ilin dekabr ayında Yəmən parlamenti ABŞ-ın pilotsuz təyyarələrlə hava əməliyyatları keçirməsini qadağan etsə də, amerikalı hərbçilər hələ də ara-sıra “dron” adlandırılan bu uçan aparatları ölkənin hava məkanına buraxır. Bu hücum , son iki ayda sayca 7-ci belə insident olub.

Teleqraf.com


Müəllif: