20 İyun 2014 18:28

İraqda terrorçulara qarşı müqavimət güclənir

İraqın paytaxtı Bağdadın şimalındakı çöllərdə məskunlaşan şiə tayfaları “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mümkün hücumlarına qarşı müdafiə məqsədiylə silahlanmağa başlayıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, İŞİD-in şiə məzhəbinə bağlı tayfalara savaş elan etməsi müqabilində şiələr öz bölgələrini qoruya bilmək üçün tərəfdarlarını silahlandıraraq, könüllü özünümüdafiə qüvvələri təşkil etməyə başlayıblar.

Bağdadın mərkəzindən təxminən 50 kilometr uzaqlıqda olan Decel şəhəri, Samirədən sonra IŞİD-in Bağdada çatması üçün keçməsi lazım olan ən strateji məntəqələrdən biri sayılır. Bölgədə yaşayan şiə məzhəbinə bağlı ən böyük tayfalardan olan Mersumi tayfası da digər şiə tayfa və qrupları kimi İŞİD-in gözlənilən hücumlarını dəf etmək üçün hazırlıq görürlər.

İraq ordusu isə İŞİD-in Bağdada çatmasına mane olmaq və bölgədə şiə məzhəbinə bağlı xalqın özünü qoruması üçün yerli tayfalara əsgəri dəstəyini davam etdirir.x Yerli qaynaqlar İŞİD-in Decelə yaxın bölgələri ələ keçirməsindən sonra Mersumi tayfasına mənsub 2 mindən çox gəncin silahlandığı bəlli olub. Mersumi könüllülərinin ağır silahlara malik olması da diqqətdən yayınmır. Bu, İŞİD-in paytaxta doğru irəliləməsi ehtimalını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

İŞİD terror təşkilatı Musul, Tikrit və Telafer şəhərlərini işğal etdikdən sonra Bağdada da hücum edəcəyini eşitdirmişdi. Təşkilata bağlı döyüşçülərin paytaxta doğru irəliləmədən əvvəl Bağdad-Mosul quru yolu üzərindəki Samirə və Decel bölgələrini ələ keçirməsi vacibdir.

İŞİD-in bütün şiələri hədəfə alan və hər dəfə böyük qırğınlarla nəticələnən hücumları səbəbiylə İraq şiələrin ən nüfuzlu din xadimi Ayetullahuzma Əli Hüseyn Sistani də Cihad fətvası verərək, bütün şiələri səfərbərliyə çağırmışdı. Eyni zamanda, İraqda bütün dini təriqətlərin və icmaların nümayəndələri bir qədər əvvəl xalq birliyə və terrorçulara qarşı birgə mübarizəyə səsləmişdilər.

Nail Cəlil


Müəllif: