27 Dekabr 2017 20:59
2 885

Teleqraf.com satrik şair Əvəz Qurbanlı ilə müsahibəni təqdim edir.

– Əvəz bəy, "Xalqın şairi" şeir yarışmasında Mirzə Ələkbər Sabirin qiyafəsini geyinmisiniz. O qiyafəni əyninizə geyinəndə heç düşündünüzmü bu, nə qədər ağır bir məsuliyyətdir?

– Düzü, mən bu barədə bir neçə dəfə açıqlama vermişəm. Əlbəttə, ağır məsuliyyət idi. Onu deyim ki, Mübariz Əsgərov bu layihəni hələ illər öncə düşünmüşdü, sadəcə, bir sıra səbəblərdən layihə məhz bu il baş tutdu. Sabir obrazını canlandırmaq təklifini alanda xeyli götür-qoy etmişdim. Sabirin sözünün böyüklüyünü, Sabir fikrinin ağırlığını düşünəndə, o qiyafəni əynimə geyinməyə tərəddüd edirdim...

– Axı siz aktyor da deyilsiniz...

– Bəli, mən aktyor deyiləm, həyatımda ilk dəfə başqa birisinin obrazını canlandıracaqdım. Digər tərəfdən isə Sabiri heç bir aktyora, ümumiyyətlə, heç kəsə etibar etmədim. Düşündüm ki, Sabiri mənim kimi heç kəs duya bilməyəcək, nəinki hansısa aktyor. Əgər bu təklifi qəbul etməsəydim, ola bilsin, bu obraz Sabiri duymayan bir başqasına həvalə edilərdi. O da böyük şairə yaraşmayan məqamlara yol verə bilərdi. Beləliklə, tamaşaçılara fərqli bir Sabir təqdim edilərdi.

Bundan başqa, özüm də ruhən Sabirə yaxın olduğumu hiss edirəm. Təkcə yaradıcılığımda deyil, təbiətən də satirikəm. Bütün bunları ətraflı götür-qoy etdikdən sonra qərara gəldim ki, bu təklifi başqasına saxlamamalıyam. Əslində, heç Mübariz müəllim də məndən başqasını nəzərdə tutmamışdı.

– Bəs gözünüzün qabağında saxtakarlıq baş versə, içinizdəki Sabirin etiraz edib layihəni tərk eləməyə gücü çatarmı?

– Tamaşaçı çox həssas və tələbkar olur. Kimin kim olduğu da ekrandan aydın şəkildə görünür. Hər kəsin öz əməli öz adına yazıldığı üçün hansısa neqativ hərəkətlər məni narahat etmir. Mənim də orada söz haqqım var, razılaşmadığım hər bir məqamla bağlı fikrimi bildirməkdə sərbəstəm. Amma tutaq ki, montaj işləri zamanı efir qaydalarının gözlənilməsi baxımından, tamaşaçılar hansısa cavab fikrimdən xəbərsiz qalarsa, bundan narahat olaram.

Layihəni tərk etməyə gəldikdə isə heç vaxt bunu etmərəm. Orada mənə etimad göstərilib, efirdə söz demək, fikir bildirmək haqqı tanınıb. Bu baxımdan layihəni tərk etsəm, ən azı onlara hörmətsizlik etmiş olaram...

– O verilişdə Sabirin sözünü kəsirlər, bəs bundan narahat deyilsiz?

– Bu sualı müsahibələrimin birində də mənə vermişdilər. Cavab verdim ki, onsuz da yüz ildir Sabirin sözünü kəsirik, ancaq onun fikrinin aktuallığını itirə bilmirik.

– Maraqlıdır, ancaq satrik şeirlər yazdığınıza görə sizi Sabirlə yan-yana qoyurlar, yoxsa xarakter kimi də ortaq cəhətləriniz var?

– Ruhən özümü Sabirə yaxın hiss edirəm. Mənim gülüşüm də kədərlidir, zarafatım da ciddi görünür. Bəzən olur ki, ironiya, sarkazmla dediyim sözü, etdiyim zarafatı ciddi qəbul edirlər. Ancaq məni yaxından tanıyanlar, düşüncə tərzimə, dünyagörüşümə bələd olanlar nə demək istədiyimi anlayırlar.

Ortaq cəhətlərimizin nədən ibarət olduğunu desəm, subyektiv yanaşma olar. Ən asası budur ki, bir əsr qabaq yaşamış sələfimi duya bilirəm. Ola bilsin, bu, xarakterdəki hansısa oxşar cəhətlərlə bağlıdır.

– Satiralarınıza görə heç təzyiqlərlə üzləşmisinizmi?

– Fiziki təzyiqlər olmayıb. Ancaq əvvəllər sanki psixoloji basqı hiss edirdim üzərimdə. Elə bil kimlərsə hiss etdirirdi ki, diqqətdən kənarda deyilsən. Bu, çox əvvəllərin söhbətidi. Sonralar isə hər şey adiləşdi. Görəndə ki, yaradıcılığımda qərəz yoxdur, obyektivlik var və sənətimə sırf peşəkarlıq baxımından yanaşıram, hər şey yoluna düşdü. Yavaş-yavaş qəbul olunmağa başladım.

– Bəzən təzyiqlərə məruz qalmayan satrikə şübhə ilə yanaşırlar. Fikirləşirlər ki, yaxşı satirik olsaydı, həbsxanada olardı... Bu kimi fikirlərə münasibətiniz necədir?

– Bu sualın haçansa mənə ünvanlanacağını bilirdim. Haqlısınız, mən tutarlı satirik deyiləm. Ən azı ortaya qoyduğum tikansız satiralarımdan görünür bu.

Ancaq onu da deyim ki, həbsxanada olmaq üçün yaxşı satirik şair olmağa da ehtiyac yoxdu. Heç Mirzə Ələkbər Sabir də həbsxanada olmayıb. Dövrümüzdən söhbət gedirsə, ən kəskin çıxışları ilə yadda qalan Baba Pünhanı da həbs etmədilər.

Həbs olunmaq üçün qırmızı xətti keçirsən, vəssəlam, yerin orda hazırdı.

– Sizi qırmızı xətti keçməyən satrik adlandırsalar xətrinizə dəyərmi?

– Adlandırsalar da, adlandırmasalar da mən elə görünürəm. Xalqın nəzərindən heç nə yayınmır. Onu da qeyd etməliyəm ki, qırmızı xətti keçməməyimin səbəbi nə həbs təhlükəsidir, nə də ölüm qorxusu. Səbəblər çoxdur. Bəzən hansısa məmurun tənqid olunası hərəkətini görürsən. Dərindən düşünməyən qələm adamı başlayır qərəzli formada onu tənqid etməyə. Amma müşahidə qabiliyyəti, prosesləri izləmək bacarığı olan şəxs başa düşür ki, o tənqid olunası hərəkətlərin arxasında bəzən dövlət maraqları da ola bilir. Əlbəttə, korrupsiya halları, məmur özbaşınalığı kimi hərəkətlərin arxasında heç vaxt dövlət maraqları ola bilməz və belə hallar tənqid olunmalıdır, olunur da. Mən də belə halları sərt tənqid edirəm.

– Barat Vüsalın Anara yazdığı şeiri oxumusunuz?

– Xeyr, oxumamışam.

– Vaqif Bəhmənlinin Əbülfəz Qarayevə yazdığı şeir yəqin, oxumusunuz...

– Əlbəttə, oxumuşam.

– Bu cür şeirlərə münasibətiniz necədir? O şeirdə Vaqif müəllim səmimi ola bilməzdimi?

– İstənilən hadisəyə ədalətli qiymət vermək üçün həmin hadisənin baş verdiyi məkanı, dövrü, hadisədə iştirak etmiş elementləri və s. diqqətlə müşahidə etmək, nəzərə almaq lazımdı. İstənilən mühakimə ədalətli olmalıdı. Ədalətli mühakimə üçün isə dediyim kimi, işin bütün detalları nəzərə alınmalıdı. Bir adamı mühakimə etmək istəyirsənsə, özünü onun yerinə qoymalısan. Özünə rəva bilmədiyini başqasına rəva bilməməlisən. Hadisəni incələmədən ona qiymət vermək toplum yanaşmasıdır.

Vaqif Bəhmənlinin şerində əslində, ikibaşlı məqamlar da var. Sarkazm da görmək olur. Amma ümumilikdə, bir ziyalının bir məmura o cür yanaşmasını içdən qəbul edə bilmirəm. Əsl şair anlamalıdır ki, tarix və cəmiyyət qarşısında onun missiyası nazirlə müqayisədə daha böyük, daha uzunməsafəlidir. Bədii baxımdan da çox zəif şeir idi.

– Əvəz bəy, səhv eləmirəmsə, meyxana yarışmasında da münsif olmusunuz, elə?

– Bəli, meyxana yarışmalarında bir neçə dəfə münsif olmuşam.

– Necə düşünürsünüz, meyxananı bu xalqa sevdirən nədir?

– Meyxananın populyar olmasının bir neçə səbəbi var. Birincisi, meyxana söz çəkişməsidir. İstənilən mübahisə, qalmaqallı yarışma, bəzən ağır sözlərlə ifadə edilən kəskin sual-cavab insanlarda maraq doğurur. İkincisi, meyxanaçının ani olaraq, bədahətən söz demək, cavab vermək qabiliyyəti maraq doğurur. Meyxana ilə yazılı şerin özünəxas fərqli cəhətləri var. Meyxananın bəzi özünəxas cəhətləri bu janrı cəlbedici edir. Üçüncüsü, meyxana son zamanlar musiqili şəkildə təqdim edilir. Musiqili meyxana əgər bədahətən deyilirsə, meyxanadır, yox, bədahətən deyilmirsə, əvvəlcədən mətni yazılaraq musiqi fonunda oxunursa, bu, artıq meyxana deyil, mahnıdır. Bu gün bir çox tanınmış meyxanaçılar musiqili formada təqdimata üstünlük verirlər. İfaçının tanınmış olması, yaxşı səsi, cəlbedici musiqi də burada önəm daşıyır.

Meyxanaçıların içərisində çox istedadlı imzalar var ki, onlar həqiqi şairlərdir. Amma istedadı, biliyi, savadı oldu-olmadı, meyxanaya müraciət edənlərin sayının çox olması bu janrın elitar səviyyədə qəbul olunmasına əngəl törədir. Əslində isə meyxana ciddi sənət növü ola bilər. Bizim folklorumuzda, şifahi xalq yaradıcılığında bədahətən deyişmələr olub, indi də var. Məsələn, meyxana heç də aşıq deyişmələrindən asan və aşağı səviyyəli deyil. Əksinə, hər iki janrı peşəkarların timsalında müqayisə etsək, meyxanada bədii sənətkarlıq aşıq sənətindən daha yüksəkdir.

– Məsələn, həqiqətən istedadlı meyxanaçılar kimlərdir?

– Ad çəkmək həmişə narazılıq, inciklik yaradır. Bəzilərinin də adı unudulanda ədalətsizlik olur. Mənim tanıdığım istedadlı meyxana ustalarının sayı az deyil. Amma bu müsahibədə hamısının adını çəkmək imkan xaricindədir. Dövrümüzdə fəaliyyət göstərən meyxanaçılardan mərhum Məşədi Babanın adı ilk yada düşənlərdəndir. Rəşad Dağlı, Vüqar Biləcərili, Mehman Əhmədli, Ağamirzə, Aydın Xırdalanlı, Ələkbər Yasamallı, Pünhan Əzimov, Orxan Lökbatanlı, Zaur Alatavalı, Qara Tərlan, Valeh Lerikli... hansını deyim? İndi yadıma düşən bunlar oldu. Adlarını çəkmədiklərim gərək inciməsinlər.

– Bu meyxanaçılarla şəxsən dostluq edirsiniz?

– Hamısı ilə şəxsi münasibətim var, hamısı da hörmətimi saxlayırlar, sağ olsunlar. Ancaq meydanlarımız fərqli məkanlar olduğundan tez-tez görüşmək imkanımız yoxdur. İndi sosial şəbəkələr ünsiyyət vasitəsi kimi daha əlverişlidir. Onların bir çoxu ilə, məsələn, Rəşad Dağlı, Vüqar Biləcərili, Valeh Lerikli, Pünhan Əzimov və başqaları ilə Feysbukda, İnstaqramda yazışırıq, əlaqə saxlayırıq.

– Əvəz bəy, niyə meyxana deyiləndə təsbeh, başa əyri qoyulmuş kepka, nəşə yada düşür? Məsələn, doğrudanmı, nəşə çəkəndə daha istedadla meyxana demək mümkündür?

– Meyxananın meydana gəlməsi və formalaşması, əsasən Abşeronla, Bakı və Bakı kəndlərinin adı ilə bağlıdır. Bir anlıq keçmiş Bakı məhəllələrini təsəvvürünüzdə canlandırın; bu məhəllələrin tipik yaşayış tərzi, xarakterik özəllikləri vardı. Əyri kepka qoymaq, təsbeh oynatmaq köhnə Bakı məhəllələrində yeniyetmələrin sevdiyi imic idi. Bəzi filmlərimizdə də bu məqamlar əks olunub. Nəşə çəkməyin isə meyxana sənətinə aidiyyəti yoxdur. Əgər hansısa meyxanaçı narkotik qəbul edicisi olubsa, belə təsəvvür yaranmamalıdır ki, meyxanaçı mütləq nəşə çəkməlidir, narkotikdən istifadə etməlidir. Bu, düzgün yanaşma deyil. Əslində, şairlərin də guya içki içəndən sonra "cuşa gəlməsi" kimi yanlış düşüncələr beynimizdə özünə yer edib. Məsələn, siz də elə hesab edirsiz ki, içəndən sonra adama ilham gəlir?

Bəli, nəşə, içki insan beynini normal fəaliyyət halından çıxarır. Necə deyərlər, beyin dumanlanır. Belə vəziyyətlərdə beynin hadisələrə, ətraf mühitə reaksiyası da fərqli olur. Paradoksal fikirlər çoxalmağa başlayır, insan daha çox öz içinə çəkilə bilir. Buna süni təb halı demək olar. Ayıq baş isə soyuq su kimidir. Ayıq ikən hər şeyə qaynar poetik nəzərlərlə baxmaq olmur.

Mən isə belə düşünürəm ki, ən yaxşı zövq ayıq olmaqdadır. İnsanın təbii halı ayıqlıqdır. Ayıq başla zövqün, mənəvi-ruhi halın ən yüksək məqamlarına çatmaq mümkündür, yetər ki, buna cəhd edəsən, yolunu biləsən.


Müəllif: Kәramәt Böyükçöl