25 İyul 2017 17:10
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla NATO arasında son dövrlər münasibətlərin inkişaf etdiyi, rəsmi İrəvanın NATO ilə yaxın əlaqələr saxladığı, hətta gələcəkdə bu quruma üzv olacağı barədə fikirlər səslənir. Qeyd edilir ki, 2017-ci ildə Ermənistan ordusu NATO-nun 4 hərbi təlimində iştirak edəcəyini təsdiqləyib.

Əlavə edilir ki, 2017-ci ildən başlayaraq, Ermənistan-NATO rəsmi-diplomatik təmasları da xeyli sıxlaşıb. Ötən ay alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda səfərdə olub, ən yüksək səviyyədə qarşılanıb. Serj Sərkisyan hətta NATO Baş katibini tezliklə İrəvana səfərə dəvət etib.

Həmçinin NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi, eyni zamanda Alyansın Tiflis ofisinin rəhbəri Uilyam Lahyu Ermənistanın NATO-ya üzvlüyü haqda danışıb.

Bundan başqa, iyunun 29-da Ermənistan müdafiə naziri Vigen Sərkisyan NATO ilə danışıqlar üçün Brüsselə yollanıb, alyansın mənzil-qərargahında NATO-nun Əfqanıstan missiyasının iştirakçısı olan ölkələrin müdafiə nazirlərinin toplantısına qatılıb. Erməni nazir tolantıdan sonra NATO Baş katibinin müavini Ruuq Qotemellerlə ayrıca görüş keçirib, Ermənistan silahlı qüvvələrində NATO standartları əsasında islahatların aparılmasını müzakirə edib.

Bəzi ekspertlər hesab edir ki, rəsmi İrəvan Rusiya ilə sıx hərbi əməkdaşlıq içərisində olsa da, NATO və Avropa İttifaqı ilə sıx münasibətlər qurmağa calışır, məqsəd isə son anda üzünü Qərb istiqamətinə çevirməkdir. Bu yanaşmanı irəli sürənlər əlavə edirlər ki, NATO rəhbərliyi hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına “göz yumur” və məqsəd regionda dayağını artırmaqdır.

Politoloq Fikrət Sadıqov isə Teleqraf.com-a bildirib ki, bu iddiaları real hesab etmir. Onun sözlərinə görə, NATO heç vaxt Ermənistanı üzvlüyə cəlb etməz və Moskva İrəvanın belə addım atmasına imkan verməz: “1990-cı illərin ortalarında NATO bir sıra postsovet ölkələrini “Sülh Naminə Tərəfdaşlıq” və digər layihələrə cəlb edib. Biz də bu layihələrdə iştirak edirik. Ermənistanın NATO təlimlərində iştirak etməsi heç də o demək deyil ki, NATO bu ölkəni himayəsi altına götürür və ya ona dəstək verəcək, silah göndərəcək. Bunların hamısı boş şeylərdir. Hesab edirəm ki, Rusiya tərəfinin müəyyən məhdudiyyətləri istisna olmaqla Ermənistan NATO ilə əlaqələr qurmağa çalışır. Söhbət təlimlərdə iştirak etmək, qərargah müşavirələrində olmaq, başqa xarakterli toplantılarda iştirakçı olmaqdan gedir. Ancaq Rusiya heç vaxt Ermənistanı öz nəzarəti altından buraxmayacaq. Bu reallıqdır”.

Politoloq əlavə edib ki, NATO da heç vaxt Ermənistanı üzvlüyə qəbul etməyəcək və bu ölkə ilə ciddi formada hərbi-texniki əməkdaşlıq mümkün deyil: “Hazırda Ermənistanda bütün silahlar Rusiya istehsalı olan silahlardır. Orada xarici silah yoxdur. Üstəlik Gümrüdə NATO-nun deyil, Rusiyanın hərbi bazası var. Qənaətimə görə, Ermənistan Moskvanın ona verdiyi icazə əsasında NATO ilə əməkdaşlıq edir. Görünür, müəyyən çərçivədə əməkdaşlıq olmalı və bundan kənara çıxmamalıdır. Rəsmi İrəvan bunu yaxşı bilir və dərk edir. Əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdürsə, deməli heç vaxt NATO üzvü ola bilməz. NATO-da onu üzvlüyünə qəbul edə bilməz. Erməni tərəfinin indi özünü belə aparması ona dəlalət edir ki, İrəvan guya müstəqil xarici siyasət yürüdür, öz məqsədlərini müxtəlif istiqamətlərdə reallaşdırmaq istəyir. Lakin bu reallıqdan uzaqdır və icazəli fəaliyyət olmaqla yanaşı görüntü xarakteri daşıyır”.


Müəllif: Cavad