15 Sentyabr 2017 17:33
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-dən etibarən Rusiya və Belarus “Qərb-2017” hərbi təlimlərinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Baltik dənizi, Belarus və Rusiyanın qərbindəki poliqonlarda keçiriləcək manevrlərdə 10 gəmi, 70 təyyarə və 250-dək tankla yanaşı digər texnika və silah növlərindən də istifadə olunacaq.

Moskva təlimlərə 12.700 hərbçinin qatılacağını bəyan edib. Almaniya, Litva və Estoniya isə əsgər sayının 100 mindən artıq ola biləcəyini düşünür. Digər narahatlıq yaradan məqam Rusiyanın Belarusa göndərdiyi ordunun təlimlərdən sonra bu ölkədən çıxarmayacağı ilə bağlı şübhələrdir.

Fransanın müdafiə naziri Florence Parli isə Aİ və NATO sərhədlərindəki manevrləri düşünülmüş hədə strategiyası kimi təsvir edib.

Təlimlərə üç NATO eksperti dəvət edilsə də, NATO rəhbəri Jens Stoltenberg tədbirin şəffaflıq tələblərinə cavab vermədiyini bildirib.

Yaranan durumu Teleqraf.com-a şərh edən Milli Məclisin deputatı, politoloq Asim Mollazadə deyib ki, Rusiyanın ABŞ və Avropa Birliyi ölkələri ilə münasibətlərində müşahidə olunan gərginlik fonunda Moskva “Qərb-2017” adlandırılan təlimlərinə strat verib.

Onun fikrincə, təlimləri Rusiyanın güc nümayişi kimi qiymətləndirmək lazımdır: “Rusiya hərbi qüdrətini göstərir. Çox böyük həcmdə hərbi qüvvələrin təlimlərə cəlb edilməsi bir daha göstərir ki, əsas məqsəd Qərbə Rusiyanın hərbi qüdrətini göstərməkdir”.

NATO-ya sözügedən hərbi təlimlərə müşahidəçi göndərmək təklifi edildiyini, amma qurumun hərbi təlimlərə müşahidəçi göndərmədiyini xatırladan Asim Mollazadə hesab edir ki, bu faktı Rusiya-NATO münasibətlərində gərginliyin təzahürü kimi qiymətləndirilməlidir.

Asim Mollazadə deyir ki, bu təlimlərlə Rusiya rəqiblərinə mesaj verir ki, onun ordusu istənilən hərbi əməliyyatlar keçirməyə hazırdır: “Əlbəttə, gərginlik və qarşıdurma artır. Ancaq düşünmürəm ki, bu gərginlik hansısa hərbi münaqişəyə gətirib çıxara bilər. Siyasətdə güc nümayişinin özü də təsir vasitəsidir”.


Müəllif: Cavad