8 Noyabr 23:59
49

Bakıda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Bakı İdman Sarayında dördüncü bayraq festivalı keçirilib.

Teleqraf.com xəbər verir ki, festivalda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçiləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra bayraq haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının tarixinə nəzər salınıb və həmin bayraqlar sərgilənib.

Festivalda Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq taqımının, xüsusi təyinatlıların nümunəvi çıxışlarından sonra incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.


Müəllif: Teleqraf.com