19 Aprel 2018 16:54
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayevlə müsahibəni təqdim edir.

- Rövşən müəllim, İrəvanda Serj Sərkisyanın hakimiyyətdə qalmasına qarşı günlərdir davam edən mitinqin xarakteri və məqsədləri haqqında nə deyə bilərsiniz?

- Ermənistanda indiki hakimiyyət Azərbaycan ərazilərini işğal etməklə həm də erməni hakimiyyətini işğal edib. Onlar həm Azərbaycanın Xocalı soyqrımının təşkilatçısı, həm də iştirakçısıdır. Səhra komandiri düşüncəsində olan insan heç vaxt xalqına və dövlətinə xoş gələcək vəd verə bilməz. Sərkisyanın apardığı siyasət indiki dövrün tələbləri ilə üst-üstə düşmür. Bu gün Azərbaycan ərazilərini işğal ediblər, amma Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan bu gün regionda beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu layihələrdən kənarda qalan Ermənistan iqtisadiyyatı uçuruma gedir. Bu ölkənin perspektiv iqtisadi uğurları gözlənilmir. Bu, həm də Azərbaycanın apardığı siyasətin nəticəsidir. Beləliklə də, Ermənistan iqtisadiyyatının nə indiki durumu, nə də gələcəyi var. Ermənistan vətəndaşları da bunu anlayır. Diqqət edin, indi Ermənistanda Sərkisyandan narazı olan əsasən gənclərdir. Gələcəyə ümidi olmayan gənclər işğalçı düşüncədə olan Sərkisyan hakimiyyətindən canlarını qurtarmaq istəyir. İnsanlar yalançı siyasətin girovuna çevrilib. Fikrimcə, ermənilər nə qədər tez Sərkisyandan xilas olsalar, bir o qədər tez Cənubi Qafqazda irəliləyiş əldə edilə, normal iqtisadi forma yarana bilər.

- Ancaq erməni politoloqları qeyd edirlər ki, İrəvanda başlayan aksiyaları dayandırmaq lazımdır, əks təqdirdə Azərbaycan bundan istifadə edərək hücuma keçə bilər...

- Bu, faktiki olaraq Qarabağ məsələsindən sui-istifadə edərək etiraz dalğalarını dayandırmaq üçün deyilən fikirlərdir. Bu fikirləri indiki erməni hakimiyyəti dövriyyəyə buraxır. Diqqət edin, dünən cəbhə zonasında erməni işğalçıları Azərbaycanın mülkü əhalisini hədəfə alıb. Bunlar apreldə də Tərtər istiqamətində mülki əhalini hədəfə alırdı və sonda layiqli cavablarını aldılar. İndi də Ağcabədi istiqamətində erməni tərəfi atəşkəsi pozub və Azərbaycanın bir mülki əhalisini yaralayıb. Məqsəd də odur ki, Azərbaycan bu addıma tutarlı cavab versin və bununla da erməni hakimiyyəti Qarabağ kartını bu ağır durumunda oynatsın, daxili narazılığı nisbətən söndürsün.

- Yəni cəbhədə ermənilərin aktivləşməsinin səbəbi İrəvandakı aksiyalara təsir etməkdir?

- Bəli, onlar bu yolla etirazçıları fikrindən daşındırmaq istəyirlər. Amma Ermənistanda bu yalançı siyasət nə qədər mövcud olacaqsa, Ermənistanın gələcəyi qaranlıq görünəcək. Nə qədər dəstəyi olsa belə, qıraqdan gələn dəstəklə dövlət saxlamaq qeyri mümkündür. Ermənistanın xarici borcu milyardlarla dollardır. Ermənistan bundan sonra hansı effektiv layihə həyata keçirə bilər? Ermənistan əhalisi bu barədə ciddi düşünməli və cani hakimiyyətdən xilas olmaq üçün bütün imkanlarını səfərbər etməlidir. Beləcə, dünyaya mesaj verməlidirlər ki, sülhün və dialoqun alternativi yoxdur.

- Xaricdə olan zəngin erməni diasporu da sanki Serj Sərkisyana qarşıdır. Ölkə daxilində baş verən mitinqlərlə paralel olaraq Qərbdə erməni diasporunun da aktivləşməsinə səbəb nədir?

- Sözsüz ki, erməni diasporu da artıq Sərkisyanı istəmir. Qarabağ kartını oynatmaq və lobbinin vəsaitini ələ keçirmək, bundan şəxsi mənafeyini gücləndirmək istəyi artıq dünya erməniləri üçün aydındır. Diaspor görür ki, Sərkisyan hansı məqamlardan şəxsi və ətrafı üçün istifadə edir. Bu səbəbdən də, diasporun mövqeyində dəyişikliklər müşahidə olunur.

- Bu aksiyalar Sərkisyanı yola salmaq üçün yetərlidirmi?

- Mənim fikrimcə, Sərkisyan son anda xalqa qarşı kəskin formada güc işlədəcək. Bu onun xarakterindədir. Sərkisyan hakimiyyətini qorumaq üçün bütün metodlardan istifadə edəcək. Çünki onu dəstəkləyənlər də var.

- Rusiyanı nəzərdə tutursunuz?

- Müxtəlif qüvvələr Sərkisyanın apardığı siyasəti dəstəkləyir. Çünki bu, onların da işinə yarayır.

- Rusiya mətbuatının Ermənistanda baş verən proseslərdən narahat olduğu müşahidə olunur. Sizcə, Rusiyanın narahatlığına səbəb nədir?

- Mən Rusiya ilə bağlı bir şey demək istəməzdim. Amma mən də çox şey görürəm. Düşünürəm ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Rusiya maraqlı olmalı və ədalətli mövqedən çıxış etməlidir.


Müəllif: Cavad