16 May 2018 14:37
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp prezident seçiləndən sonra ABŞ-ın digər dövlətlərlə münasibətlərində böyük durğunluq yarandı. Rusiya ilə əlaqələrin güclənəcəyi düşünülərkən, münasibətlər daha da kəskinləşdi.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Emil Həsənli deyib.

O qeyd edib ki, Türkiyə ilə münasibətlər də Tramp dövründə daha da gərginləşib:

“Çin və Avropa ilə münasibətdə xeyli durğunluq yaranıb. İranla münasibətlər isə son günlər daha da pisləşib. Uzaq Şərqdə Şimali Koreya ilə ABŞ arasındakı münasibətlər heç də xoş deyil. Nəhayət, Tramp söz verdiyi kimi ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi qərarını təsdiqlədi. Dünən qərar icra edildi və Avropanın əksər ölkəsi, ərəb dövlətləri qərardan narahatlıq keçirdiklərini vurğulayıblar, Türkiyə qərarı sərt şəkildə tənqid edib. Təbii ki, “Hizbullah” da qərarın icrasına qarşı çıxıb. Həmçinin, qərar Rusiya və Çin tərəfindən də narahatlıqla qarşılanıb. Bu qərar xüsusən İranın mənafeyinə cavab vermir”.

Bəs, Trampın bu qərarı hansı geosiyasi nəticələrə səbəb ola bilər? Bu suala cavab verən E.Həsənli qeyd edib ki, hər şeydən öncə Trampın bu qərarın icrasından bir neçə gün öncə İranla münasibətlərin kəskinləşməsinə səbəb olacaq nüvə razılaşmasından çıxması üzərində dayanmaq lazımdır:

“Trampın bu qərarı verəcəyi bəlli idi və İranla nüvə anlaşmasını da qərarın icrasından bir neçə gün əvvəl ləğv etdi. Bu bir təsadüf deyildi. İranla İsrailin əlaqələrinin yaxşı olmamasını nəzərə alsaq, ABŞ-ın bu addımı atması təsadüf ola bilməz. İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürmək arzusu bəllidir və faktiki olaraq İsrailə də bu yolda ən böyük dəstək ABŞ-dan gəlir. ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi isə həm Qüdsün İsrail ərazisi olduğunu dünyaya duyurmaq mesajı güdür, həm də bu mesajda “siz də tanımalısınız” xəbərdarlığı var. Bəli, ABŞ bu məsələdə İsrailin atdığı hər bir addımı dəstəkləyəcək. ABŞ İsrailə dəstək olmağa məcburdur, çünki İran məsələsində İsrail ABŞ cəbhəsində yer almış dövlətdir və İrana qarşı kəskin mövqeyi ilə seçilir. İsrail hesab edir ki, İranın nüvə silahı əldə etməsi ilk növbədə İsrailin suverenliyinə təhdiddir. İran məsələsinin həllində bu ölkəni özünə təhdid kimi görən dövlət də ABŞ-a lazımdır”.

E.Həsənli qeyd edib ki, Qüdsün önəmini görmək üçün tarixə baxmaq zəruridir:

“Qüdsə lap əvvəllər yəhudi və müsəlmanlar iddia ediblər. Ancaq katolik kilsəsinin də bu şəhərdə maraqları var idi. Papa II Urban səlib yürüşlərində ən böyük məqsəd kimi Qüdsün ələ keçirilməli olduğunu bəyan etmişdi. II Urban müsəlmanları kafir adlandıraraq İsanın qəbrini onların əlindən xilas etməyin vacib olduğunu bildirmişdi. Lakin burada əsas mövqedə İsa peyğəmbər sevgisi yox, şəxsi mənfəət dayanırdı. Bu yürüşü həyata keçirmək üçün qəlbində İsa sevgisi olan hər kəsi buna təhrik etmək lazım idi. Bu gün isə bu qərarın qəbulu və icrası Qüdsün öz önəmini itirmədiyinin göstəricisidir”.

E.Həsənli qeyd edib ki, Qəzzada qarşıdurma getdikcə şiddətlənir:

“Trampın qərarından sonra xeyli sayda insan qərarın icrası əleyhinə çıxır. Ölü və yaralı sayı artmaqdadır. Lakin hər şeyə rəğmən, qərarın icrası həyata keçiriləcək və bu da Yaxın Şərqdəki çətin geosiyasi durumu daha da gərginləşdirəcək. Qərarın icra edilməsi ABŞ üçün İsrailin bütün dövlətlərdən daha artıq çəkiyə malik olduğunun əsas göstəricisidir”.


Müəllif: Səxavət Həmid