1 Aprel 2016 15:46

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti qurumun qaçaqmalçılıqla mübarizədə gördüyü işlər barədə məlumat yayıb.

DGK-dan Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, bu fəaliyyətin nəticəsidir ki, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1milyon 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.

Xüsusilə Gürcüstan Respublikası və Rusiya Federasiyası ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə sui-istifadə hallarına yol verirlər. Dövlət Gömrük Komitəsi bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.

Komitə bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...