18 Mart 2015 12:19

Fəzail İbrahimli: “Çanaqqala savaşında 3 mindən çox azərbaycanlı əsgər şəhid olub”

Bu gün Çanaqqala savaşının qalibiyyətlə başa çatmasının 100-cü ildönümü tamam olur. Birinci Dünya Müharibəsinin gedişində - 1915-ci il fevralın 19-da başlayan Gelibolu yarımadasında - Çanaqqalada başlayan dəniz savaşı martın 18-də Osmanlı dövlətinin kəsin zəfəri ilə tamamlanıb. Quruda döyüşlər isə 1915-ci il aprelin 25-də başlayıb və 1916-cı il yanvarın 9-da başa çatıb.

Yada salmaq yerinə düşər ki, Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşlərinin baş verməsinə bir neçə səbəbi var idi. Belə ki, ittifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, bununla Almaniya ilə müttəfiq ölkələrdən birini zəiflətmək istəyirdilər. Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsi ilə ittifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib, hər vətəndaşın xatirəsində qalıb.

Türkiyə cümhuriyyəti qurulduqdan sonra Böyük Millət Məclisinin qərarı ilə 18 mart hər il Çanaqqala Şəhidlərinin Anım günü olaraq qeyd olunur. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq yadda qalıb.

Zəfər günü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıq işləri atıq tamamlanıb. İstanbul şəhərində aktyorlar açıq səhnədə Çanaqqala döyüşlərini canlandıracaqlar. Mərsin vilayətində Çanaqqala dəniz döyüşləri zamanı qələbədə böyük payı olan Nüsrət Mayın gəmisi sahilə yan alıb. Bir qrup fəal gəmini qarşılamaq üçün limanda bir araya gəlib. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib.

Çanaqqala döyüşləri ilə bağlı fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı, tarixçi alim, professor Fəzail İbrahimli bildirib ki, bu, Türkiyənin şərəf və ləyaqətinin xilas edildiyi döyüşlərdən biridir. O qeyd edib ki, 1914-cü ildə Almaniyanın Rusiyaya müharibə elan etməsi, Osmanlı imperiyasının məcburiyyət üzündən Atlanta dövlətlərinə qarşı müharibəyə başlaması Atatürkün hərbi qüdrətinə ehtiyac yaratmışdı. Onun ideyaları əvvəlcə birmənalı qarşılanmasa da, sonradan albay Mustafa Kamalı Maydas hərbi dairəsinə komandir təyin etməyə məcbur oldular: “Çanaqqala Birinci Dünya Savaşı zamanı Türkiyənin çarpışdığı on cəbhədən biri idi. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. Çanaqqala savaşları 8 ay yarım sürdü, hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmləkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirib. Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib”.

Deputat qeyd edib ki, Çanaqqala zəfəri müasir Türkiyənin tarixində çox mühüm əhəmiyyət kəsb edir: “Çanaqqala döyüşündə Anadolu və Azərbaycan türkləri böyük şücaət göstəriblər. Bu döyüşlərdə 3 mindən çox Azərbaycanlı əsgər şəhid olub. Çanaqqala döyüşü Türkiyənin tarixinə qızıl hərflərlə yazıldı və bu döyüş təkcə Türkiyənin deyil, Azərbaycanın da tarixidir. Biz bu tarixin yubileyini bir yerdə qeyd etməliyik və bir yerdə də olacağıq. Əminəm ki, hazırlanan proqrama uyğun olaraq həm ölkəmizdə, həm Türkiyədə Çanaqqala döyüşü yüksək əhvali-ruhiyyə ilə türk millətinin qəhrəmanlıq tarixi kimi yüksək səviyyədə qeyd olunacaq. Azərbaycan Prezidentinin Çanaqqala zəfərinin bir yerdə qeyd olunması barədə fikirləri göstərir ki, biz bir millət, iki dövlətik. Prezidentin söylədiyi fikirlər Azərbaycan xalqının iradəsini ifadə edir. Çanaqqala zəfəri Türkiyənin şərəf tarixidir, qələbə tarixidir. O, Türkiyənin bir dövlət və millət kimi tanınmasında, onun milli azadlıq mübarizəsinin həyata keçirilməsində önəmli, yaddaqalan hadisədir. Ona görə də mən buna çox təbii baxıram. Bir tərəfdən 24 aprel ermənilər tərəfindən şər, böhtan günü kimi qeyd olunur, bir tərəfdə də şərəf və ləyaqət tarixi kimi. Hesab edirəm ki, bunu qeyd etmək Türkiyə dövlətinin halal haqqıdır”.

Səxavət HƏMİD


Müəllif: