7 İyul 2016 13:31
547

“Müsavat Partiyası ilə jurnalist Xədicə İsmayıl arasında xüsusi bir şey baş verməyib. Xədicə İsmayıl müsahibəsi zamanı növbəti dəfə Müsavata qarşı qərəzli olub. Müsavat tərəfi də buna reaksiya verib. Xədicə İsmayıla qarşı sosial şəbəkədə müsavatçılar tərəfindən yazılanlar da bir mərkəzdən idarə edilmir. Biz dəfələrlə sübut etmişik ki, bu kimi halların baş verməsində, yaşanmasında maraqlı deyilik. Ancaq Müsavata qarşı iddia və fikir olanda, xüsusilə bu iddia ədalətsiz olanda müsavatçılar buna cavab verməli olur. Əvvəl sosial şəbəkələr yox idi. Partiyaya qarşı bir mövqe olanda jurnalistlər həmin təşkilatın rəhbərliyində təmsil olunan şəxslərdən bu haqda soruşurdular. Yəni reaksiya bu formada olurdu və mövzu bitirdi. İndi sosial şəbəkələr var, hamı burada təmsil olunur. Təbii ki, mövqe ədalətsiz olanda hər kəs buna reaksiya vermək istəyir”.

Bunu Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqlı jurnalist Xədicə İsmayılla Müsavat Partiyası arasında yaranan qalmaqallı münasibətləri şərh edərkən deyib. Başqan müavini əlavə edib ki, Xədicə İsmayılın dedikləri Müsavat və müsavatçılar üçün təhqiramizdir: “Odur ki, müsavatçılar da buna cavab vermək həvəsində qalırlar. Nəticədə belə vəziyyət yaranır. Müsavat Partiyasının minlərlə üzvü var, onların da müəyyən hissəsi sosial şəbəkələrdə aktivdir. Xədicə xanımın mövqeyinə qarşı istənilən müsavatçı fikir bildirməyə çalışır. Bunu onlara qadağan etmək də olmaz. Bunu etmək anti-demokratik hərəkət olardı. Amma buna rəğmən çalışırıq ki, öz fikirlərimizi ifadə edək və kimsə təhqir yazmasın. Xədicə İsmayılın bizimlə bağlı ittihamı əsassızdır”.

Y.Sadıqlı qeyd edib ki, Xədicə İsmayılın Müsavat Partiyasına qarşı belə mövqe sərgiləməsi halı da yeni deyil:

“İstərdik ki, Xədicə İsmayıl özünün nüfuzunu düşünərək Müsavata qarşı əsassız iddiada bulunmasın, insanları yanlış yönləndirməsin, eləcə də minlərlə üzvü olan Müsavat Partiyasını aşağılamasın”.

Xədicə İsmayılın AXCP ilə yaxın olması və bu səbəbdən də Müsavatı hədəf alması ehtimalları haqda danışan Yadigar Sadıqlı söyləyib ki, kimin hara yaxın olması onun şəxsi hüququ və seçimidir: “Hər kəs istədiyi qüvvəni tərif edə, dəstəkləyə, təbliğ edə bilər. Bizim buna etirazımız yoxdur. Lakin bizə əsassız və qərəzsiz münasibət göstərilməsin. Bizi tənqid edə bilərlər və tənqidə hər zaman hazırıq, açığıq. Ancaq bizi az qala hakimiyyətə işləməkdə günahlandırmaq əsassız və yalandan başqa bir şey deyil. Bundan sonra da Xədicə İsmayıl Müsavat Partiyası haqqında subyektiv fikirlərini ifadə edəcəksə, bizdə buna cavab verəcəyik”.

Cavid


Müəllif: