23 Aprel 2014 13:59
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: “Bütün bunlar Azərbaycanın təhlükəsizliyinə hesablanmış səfərlərdir”

Azərbaycanın müxtəlif ölkələrlə hərbi əməkdaşlığı yönündə ciddi addımlar müşahidə olunur. Bu səfərlərin xronologiyasına baxdıqda ölkəmizin hərbi diplomatiyasının gücləndiyini müşahidə etmək olur. Məsələn, aprelin 1-4-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl Bakıda oldu. Bunun ardınca Azərbaycanın müdafiə naziri Zakir Həsənov İrana səfəri gerçəkləşdirdi. Az sonra, aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Batt Azərbaycana rəsmi səfər etdi.

Aprelin 21-də bu istiqamətdə daha üç xəbər yayıldı. Həmin xəbərlərin birində Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvana səfər edəcəyi bildirilir. Məlumata görə, İ. Yılmaz mayın 14-15-də muxtar respublikada olacaq. Digər bir xəbərdə Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin başladığı bildirilir. Yayılan üçüncü xəbərdə isə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etmək üçün aprelin 23-də Türkiyəyə səfər edəcəyi bildirilir. Məlumata görə, səfər aprelin 25-dək davam edəcək.

Bəs son vaxtlar hərbi yönümdə səfərlərin intensivləşməsi nə ilə bağlıdır? Bu səfərlərin regionda yaranmış yeni geosiyasi durumla əlaqəsi varmı?

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri bildirib ki, bütün bu intensiv səfərlər bilavasitə regionda geosiyasi vəziyyətin dəyişməsi, dünyanın təhlükəsizlik sisteminə vurulan zərbə ilə sıx surətdə bağlıdır. Onun sözlərinə görə, belə bir vəziyyətdə Azərbaycan özünün təhlükəsizliyini təmin etməyə məcburdur: “Ölkəmizin bu cür intensiv addımları da məhz bu təhlükəsizliyi təmin etməyə hesablanıb. Hesab edirəm ki, bu səfərlər davam edəcək. Hətta ola bilsin ki, dünya gücü ABŞ-ın vitse-prezidenti səviyyəsinə qədər Azərbaycana səfərlər gerçəkləşdirilsin”.

Müsahibimiz onu da bildirib ki, artıq Qərb-İran qarşıdurması aradan qalxıb: “Fikir verirsinizsə, getdikcə Qərblə İran arasındakı anlaşılmazlıq buzu əriyir və daha çox anlaşma, danışıqlar davam edir. Gələcəkdə Qərb-İran münasibətlərinin diplomatik münasibətlər səviyyəsində inkişafı gözlənilir. Belə bir geosiyasətin dəyişməsi fonunda Azərbaycanın da siyasəti təbii ki, dəyişməlidir”.

N.Miri həmçinin qeyd edib ki, digər tərəfdən, bu gün bütün dünyanın gündəmini məşğul edən Ukrayna hadisələri baş verir: “Bu hadisədən sonra artıq bir çox şeylər dəyişib. Yəni, dövlətlərarası, dünyanın oturuşmuş təhlükəsizlik sistemlərinin dəyişməsi baş verib. İkinci dünya müharibəsindən sonra bir düzən var idi. Eyni zamanda dövlətlər arasında olan sazişə və beynəlxalq hüquqa riayət baxımından bir sabitlik hökm sürürdü. Birdən-birə Krımın ilhaq olunması ilə bütün bu sistem alt-üst oldu. Bununla bərabər, aydın oldu ki, heç bir ölkənin, o cümlədən Rusiya ilə həmsərhəd olan ölkələrin ərazi bütövlüyü məsələsi o qədər də dayanıqlı deyil. Ona görə də artıq bir çox ölkələr, o cümlədən Azərbaycan da öz təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmağa başladı. Yəni, bütün bu gəliş-gedişlər bilavasitə Azərbaycanın təhlükəsizliyinə hesablanmış səfərlərdir. İndiki şəraitdə, əgər Azərbaycana hər hansı hərbi müdaxilə olarsa, ölkəmiz bundan sığortalanmaq üçün təbii ki, müttəfiqlik yönündə bir çox hərbi məsələləri həll etməlidir. Təbii ki, qardaş Türkiyə, Pakistan, eyni zamanda qonşu İranın bu məsələlərdə iştirakı da Azərbaycana təhlükəsizlik vəd edir. Azərbaycan ilk növbədə qonşularla sərhədləri müəyyənləşdirməli idi. Güman edirəm ki, bu proses bundan sonra daha müsbət məcrada inkişaf edəcək”.

SƏXAVƏT


Müəllif: