29 Aprel 2017 16:12
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda güclü torpaq sürüşməsi baş verib.

10:45

Teleqraf.com-un məlumatına görə, ölkənin cənubundakı Oş vilayətində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı ilkin məlumata görə 24 nəfərdir.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada yerli vaxtla saat 07:00-da Uzgen rayonunun Zərgər kəndində baş verən sürüşmə nəticəsində çökən torpaq kütləsinin həcminin 1 milyon kubmetr olduğu bildirilib.

Təbii fəlakət nəticəsində 7 yaşayış evi torpağın altına çöküb. Ölənlərin də bu evlərin sakinləri olduğu bildirilir. Belə ki, onlar həmin vaxt evdə olublar və sürüşmə nəticəsində torpağın altına gömülüblər.

Mətbuat xidmətindən onu da bildiriblər ki, hazırda fövqəladə vəziyyət yerində torpaq kütləsinin təmizlənməsi prosesi gedir.

***

13:42

Bu gün səhər Qırğızıstanda güclü torpaq sürüşməsinin baş verdiyi ərazidə 7 deyil, 10 ev torpaq altında qalıb.

Teleqraf.com xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, uçqunlar altında qalanların sayı hələlik dəqiqləşməyib.

“Hazırda hadisə yerində 100-ə yaxın xilasedici və texnika işləyir”, - deyə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. Onun sözlərinə görə, ölkənin Fövqəladə Hallar naziri Qubadbəy Boronov və onun müavini Rövşən Rısbaev hadisə yerindədirlər.

Qırğızstan Səhiyyə Nazirliyindən isə olay yerində həkimlər qrupunun işlədiyi bildirilib:

“Üç təcili tibbi yardım maşını ərazidə növbə çəkir. Həkimlər yerli əhaliyə təxirəsalınmaz yardım göstərirlər. Bundan başqa ərazidə epidemioloji briqada işləyir”.

Prezident Almazbek Atambaev isə təbii fəlakətdən zərər çəkənlərə yardım göstərilməsi barədə sərəncam imzalayıb.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ilin əvvəlindən etibarən Oşda 25 torpaq sürüşməsi baş verib. Nəticədə 6 nəfər həlak olub. Vilayətdə sürüşmə baş verməsi ehtimal olunan ərazidə yaşayan ailələrin ümumi sayı 2376-dır. Onlardan 838 ailə dövlətin köməkliyi ilə təhlükəsiz yerlərə köçürülüb, daha 445 ailə isə köçürülmə ərəfəsindədir.

***

Qırğızıstanda torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.

Bununla bağlı Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, aprelin 30-da ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.


Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.

Səxavət


Müəllif: