22 May 2014 13:25
770

Düşüncə Mərkəzi “Qarabağ”ı müzakirə edəcək

Zəfər Quliyev: “Milli Şura üzvlərindən bizim müzakirələrə qoşulanlar var”

Pənah Hüseyn: “Razılaşdırılmış mövzular müzakirə edilir”

Sabah Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi “Qarabağ Böhran Masası” adlı tədbir keçiriləcək.

Müsavat başqanı İsa Qəmbərin rəhbərliyi ilə baş tutacaq müzakirələrdən sonra ictimaiyyətə sənəd də təqdim olunacaq. Sənəddə Dağlıq Qarabağ problemindən çıxış yolları öz əksini tapıb.

Düşüncə Mərkəzində təmsil olunan politoloq Zəfər Quliyev Teleqraf.com-a bildirdi ki, hələlik Düşüncə Mərkəzi açıp qapı siyasəti yürüdür. Yəni, təşkilatda təmsil olunmaq istəyənlər könüllü surətdə qatıla bilər: “Baxacağıq kimlər daimi iştirak edəcəksə, sonradan həmin şəxslərdən ibarət təşkilat formalaşdıracağıq. İndi bu proses açıq qapı formasında davam edəcək”.

Onun sözlərinə görə, hələ AXCP tərəfindən hər hansı reaksiya gəlməyib: “Lakin Milli Şura üzvlərindən bizim müzakirələrə qoşulanlar var”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn söylədi ki, hazırda Düşüncə Mərkəzi formalaşma prosesi keçir və bu, müəyyən müddət davam edəcək:

“Müəyyən siyasətçilər, QHT nümayəndələri, siyasi analitika ilə məşğul olan şəxslər bir araya toplanıb razılaşdırılmış mövzuları müzakirə edirlər. Bu müzakirələrdən hansı mövzu məqsədəuyğun sayılırsa, o barədə sənədlər hazırlanır və böhran masaları formasında ictimailəşdiriləcək”.

Onun sözlərinə görə, əvvəlki toplantıdan sonra bir qrup ictimai-siyasi xadim, ziyalıların rus təhlükəsi haqqında Azərbaycan xalqına müraciəti ünvanlandı:

“Qərara alındı ki, bu sənədlərin təqdimatı və açıq müzakirəsinin keçirildiyi tədbirlər böhran masaları adlansın. Müxtəlif mövzular üzrə böhran masalarının olması istisna edilmir. Bir çox strateji məsələlər var ki, müzakirələrdən əvvəl müəyyən qrup tərəfindən daimi tədqiqatı, təhlili, təchizatı, ümumiləşdirilməsi və dəyərləndirilməsi lazımdır. Məqsədəuyğun formada ictimailəşməsi kimi iş də nəzərdə tutulub. Davamlı müzakirələr keçiriləcək”.

P.Hüseyn qeyd etdi ki, aparılan müzakirələr nəticəsində Qarabağla bağlı sənəd hazırlanıb və sabahkı tədbirdə ətrafında fikir mübadiləsi aparılacaq:

“Toplantıda sənəddən fərqli fikirlərin səslənməsi də gözləniləndir. Ümumiyyətlə, böhran masalarının bir funksiyası da Düşüncə Mərkəzində müzakirələrdə iştirak etməyən şəxslərin də iştirakını təmin etməkdən ibarətdir. Mənim də Qarabağla bağlı çıxışım istisna deyil”.

Qeyd edək ki, İctimai Palatanın fəaliyyətinə xitam veriləndən sonra Müsavat Partiyasının təşəbbüsü ilə Düşüncə Mərkəzi yaradılıb. Bu təşkilata Müsavat başqanına yaxın siyasətçilər, politoloqlar qoşulub.

Nərgiz


Müəllif: