18 Aprel 2014 11:16

Fazil Mustafa: "Müxalifətlə davamlı dialoqun aparılması üçün ümid var"

Elçin Mirzəbəyli: "Budəfəki təşəbbüs kifayət qədər fərqlənir"

Dünən Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri ilə yanaşı, Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların sədrləri, nümayəndələri, gənclər təşkilatlarının və KİV-lərin rəhbərləri iştirak ediblər.

Bəs, bu iclasın keçirilməsi müxalifətlə iqtidar arasında dialoqun qurulmasına zəmin yaradırmı?
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu komissiyanın yaradılması və dünən keçirilən görüş müxalifətlə dialoqun aparılması üçün ümid yaradır. O qeyd edib ki, bu istiqamətdə dəfələrlə addımların şahidi olublar: "Amma təəssüf ki, bu, davamlı olmayıb. Yəni, bir dəfə epizodik olaraq toplanıb sonra dağılışmışıq. Ona görə də keçmiş təcrübəni nəzərə alaraq bir şeyi söyləmək olar ki, müxalifətlə davamlı dialoqun aparılması üçün bir ümid var. Yəni, bu görüş o ümidi yaratdı. Amma bunun nə dərəcədə davamlı olacağı hakim partiyanın iradəsindən asılıdır".

F. Mustafa qeyd edib ki, Ukraynada baş verən hadisələrdən sonra Azərbaycanda iqtidarlı-müxalifətli hamı bu ölkənin taleyi üçün ümumi məsuliyyət anlayışı olduğunu dəqiqləşdirməlidir: "Əgər bu anlayış hissi bizlərdə güclənərsə, dialoq davamlı ola bilər. Yəni, buna ümid edək".

Partiya başqanı ilkin mərhələdə dialoq üçün zəruri olan mövzuları da sadalayıb: "Dialoqun əsas mahiyyəti öncədən hər hansı şərt qoymadan müəyyən müzakirələrin aparılmasıdır. Əslində, dialoqun mahiyyəti budur. Dialoq zamanı əvvəlcədən hansısa mövzu təyin olunmur. Dialoq müəyyən dərəcədə tərəflər arasında bir-birinə xoş niyyətin ifadəsi olaraq baş tutan bir prosesdir. Bu baxımdan, məncə, dialoqun nə olması məsələsinə daha doğru kontekstdən yanaşmağa ehtiyac var. Əks təqdirdə dialoqun hansı məsələyə həsr olunmasından asılı olmayaraq baryeri aşmaq çox çətin olacaq. Əvvəlcə bu baryeri aşmaq lazımdır. Ona görə də bu məsələdə bizim ümid etdiyimiz odur ki, artıq daha sağlam bir anlayış ortaya çıxacaq. İnsanlar anlayacaq ki, bütün məsələlərin kökündə ilk növbədə daxildə səmimi münasibətlərin qurulması prosesini başlatmaq dayanır. Bundan sonra bu prosesi davam etdirmək çətin olmayacaq".

F. Mustafa qeyd edib ki, aprelin 17-də keçirilən toplantıda iştirak edib və yuxarıda səsləndirdiyi fikirləri iclas zamanı da dilə gətirib.

BAXCP-nin katibi Elçin Mirzəbəyli isə bildirib ki, YAP-ın budəfəki dialoq və əməkdaşlıq təşəbbüsü daha öncəkilərdən fundamentallığına görə kifayət qədər fərqlənir: "Əvvəla, hakim partiyada partiyalararası əlaqələr və dialoq komissiyası yaradılıb. Bu isə ilk növbədə prosesin davamlı və ardıcıl olacağının göstəricisidir. Komissiya 11 maddədən ibarət təkliflər planı ilə çıxış edib ki, bu müddəaların hər biri bütövlükdə çoxpartiyalı sistemin inkişafına xidmət göstərir. Təklif olunan müddəalardan da açıq şəkildə görünür ki, ortalıqda konseptual yanaşma var. Təkliflər planında bütövlükdə siyasi partiya sisteminin tətbiq edilməsi, mövcud problemlərin araşdırılaraq ortaya çıxarılması, təhlil olunması nəzərdə tutulub. Bu isə Azərbaycanın siyasi partiya sistemində mühüm bir mərhələnin başlandığından xəbər verir. Əslində, təklif olunan müddəaları təhlil edən istənilən şəxs bu qənaətə gələ bilər".

Toplantıda BAXCP-ni təmsil edən E. Mirzəbəyli deyib ki, iclasda həm YAP-ın, həm də digər siyasi partiyaların təmsilçiləri tərəfindən maraqlı ideyalar səsləndirilib: "Mən siyasi partiyaların kadr potensialının möhkəmləndirilməsi, onların bir institut kimi formalaşması üçün önəmli hesab etdiyimiz bir məsələyə diqqət çəkdim. Qeyd etdim ki, bir sıra beynəlxalq təşkilatlar, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların yaratdığı fondlar vaxtilə Azərbaycanın siyasi partiyaları üçün siyasi həyatın müxtəlif sahələrini əhatə edən təlimlər keçirirdilər. Bu təlimlər həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təşkil olunurdu. Bu gün də eyni iş müxtəlif adlar altında təşkil olunur. Həmin təlimlərdə, şübhəsiz ki, təlimləri təşkil edən dövlətlərin maraqları əsas götürülür. Onların hədəfləri və ideyaları təbliğ olunur. Qeyd etdim ki, bu məsələdə də məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürməli, siyasi partiyalar üçün kadrların hazırlanmasında məhz Azərbaycanın siyasi institutları iştirak etməlidirlər".

SƏXAVƏT


Müəllif: