18 May 21:53

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a idmançının anası, güllə atıcılığı üzrə olimpiya mükafatçısı İradə Aşumova bildirib.

"Onlar bu pulları qazanıb. Axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hansı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm" deyən

İ.Aşumovanın sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.

İslamiadada hər qızıl medal qarşılığında azərbaycanlı idmançı 150 min manat mükafat alacaq. Eyni zamanda, onların məşqçiləri məbləğin 50%-ni qazanacaq. Ruslan Lunyovun şəxsi məşqçisi isə atası Vladimir Lunyovdur.

R.Lunyovun daha əvvəlki müxtəlif idman yarışlarında elə də yüksək olmayan göstəriciləri fonunda İslamiadada 5 qızıl medal qazanması məsələsini şərh edən İ.Aşumova oğlunun 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə çıxış etdiyini xatırladıb: "O, 15-ci oldu. Bizim üçün bu, əlbəttə, uğurlu çıxışdır. 26 yaşında, ilk dəfə olimpiadada iştirak edə-edə, iki dəfə 15-ci yeri tutmağı normal qarşıladıq. Bunun uğurlu çıxış olduğunu hesab edirik. O, fevralda Hindistanda üçüncü yeri tutub, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında digər idmançımız Nigar Nəsirova ilə qarışıq mübarizədə üçüncü olub".

Qeyd edək ki, artıq Ruslan Lunyov Dünya Kubokunda iştirak etmək üçün Almaniyanın Münhen şəhərinə yollanıb.

Xatırladaq ki, Ruslanın anası İradə Aşumova Afina Olimpiadasının pnevmatik tapança ilə atəş üzrə bürünc mükafatçısıdır.


Müəllif: Teleqraf.com