12 Sentyabr 2017 19:11
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxacaq.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gələcək.

Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

Debütlə əlamətdar olan tarixi matça rəqiblər fərqli durumda gəlib. Azərbaycan Premyer Liqasında IV turun “Səbail”lə görüşü təxirə salınan “Qarabağ” “Qəbələ” ilə matçdan 17 gün sonra meydana çıxacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilədən öncə son görüşünü keçirən ağdamlılar hazırlığını məhz bu matça uyğun qurub.

London klubu isə “Qarabağ” öncəsi “Lester”lə səfər matçında qələbə əldə edib - 2:1. Ardıcıl 3-cü dəfə qalib gələn Antonio Kontenin yetirmələri Çempionlar Liqasına yüksək əhval-ruhiyyədə çıxacaq. Ümumiyyətlə isə hər iki komanda öz ölkəsinin çempionatında ardıcıl 3 dəfə qalib gəlib.

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

22.45 Çelsi (İngiltərə) - Qarabağ (Azərbaycan)

Hakimlər: Anastasios Sidiropulos, Polixronis Kostaras, Lazaros Dimitriadis, Damianos Eftimiadis (Yunanıstan).

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos (Yunanıstan).

Hakim-inspektor: Paulius Malzinskas (Litva).

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).

London. “Stemford Bric” stadionu.


Müəllif: Teleqraf.com