2 May 2014 10:13
485

Çempionlar Liqasının ardınca Avropa Liqasında da finalçılar müəyyənləşib. Teleqraf.com xəbər verir ki, bu gecə turnirin yarımfinal mərhələsi çərçivəsində cavab oyunları baş tutub.

"Yuventus" doğma meydanda "Benfika"nı qəbul edib. Bu komandalar arasında Portuqaliyada baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə isə hesab açılmayıb və "Benfika" ardıcıl ikinci dəfə finala çıxıb. Bununla da "Yuventus"un 1994-95 mövsümündən sonra bu turnirdə final oynamaq istəyi baş tutmayıb. Qeyd edək ki, matçda 3 qırmızı vərəqə göstərilib. "Yuventus"dan Mirko Vuçiniç, "Benfika"dan isə Enzo Perez və Lazar Markoviç "qırmızı" alıb. Hakim Vuçiniç və Markoviçi ehtiyat oyunçular skamyasında cəzalandırıb.

Günün digər oyununda isə "Valensiya" "Sevilya"nı qəbul edib. İspaniya klubları arasında ilk oyunda "Sevilya" 2:0 hesablı qələbə qazanmışdı. "Valensiya" 69-cu dəqiqəyədək istədiyi hesabı təmin edib - 3:0. 14-cü dəqiqədə Sofiane Feqouli hesabı açıb. 26-cı dəqiqədə "Sevilya"nın qapıçısı Beto avtoqola imza atıb. 69-cu dəqiqədə Ceremi Matyu fərqlənib. Lakin 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan Stepan Mbia "Sevilya"yaya lazım olan qolu vurub. Bununla da Xuan Antonio Pizzinin başçılıq etdiyi komanda 7 ildən sonra Avropa Liqasının finalına çıxıb.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 14-də Turindəki "Yuventus Arena"da baş tutacaq.


Müəllif: