20 Fevral 2018 11:25
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə olan müraciətlər göstərir ki, “Dəmirbank”dakı 28.3 milyon manat qorunmayan əmanətlərin bir hissəsi 2016-ci il martın 2-dən öncə bankda sığortalana depozit kimi yerləşdirilən vəsaitlərdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi: “Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilərin yeni müqavilənin bağlanması üçün müraciət etməməsi səbəbindən depozitlər üzrə müqavilə avtomatik olaraq ya eyni şərtlər ilə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb. Belə ki, əksər depozit anlaşmalarına əsasən, müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə, anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır. Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlər ilə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib. Nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb”.

Ekspert bildirib ki, bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil: “Bu baxımdan da əvvəlki dövrdə əmanət yerləşdirənlərin hansı bankda olmasından asılı olmayaraq, anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda əgər gələcəkdə bank müflis olarsa, həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər”.


Müəllif: Şəfiqə