7 May 2018 15:20
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər neftin ucuzlaşması iqtisadi məsələlərlə əlaqədar deyil. Qiymətlərə Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən siyasi proseslər təsir edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Hazırda qiymətləri iqtisadi faktorlar müəyyən etmir. Neft qiymətləri üçün ən təhlükəli cəhət budur. Əgər təbii üsullarla qiymətlərin qalxmasını müşahidə etsəydik və bu, iqtisadi parametrlərə söykənsəydi, qiymət artımı uzunmüdətli olacaqdı.

Son bir həftədə qiymətlər 72 dollarddan 75 dollara qalxdı. Bu da dünyadakı siyasi gərginliklə bağlıdır. İsrail-İran arasında münasibət kəskinləşir. İsrail baş naziri İranla müharibə ehtimalından danışdı. Mayın 12-də isə ABŞ İranla nüvə müqaviləsi ilə bağlı qərar verməlidir. Böyük ehtimalla ABŞ bu anlaşmadan çıxacaq. Bu da Yaxın Şərqdə ABŞ - İsrail və İran arasında müharibə riskini artırır.

Səudiyyə Ərəbistanı ilə Yəmən arasında gərginlik də qiymətlərə təsir edən amillərə daxildir.

Dünya bazarlarına ən çox neft çıxaran 5 ölkədən biri olan İranla bağlı proseslər neftin qiymətlərinə təsir göstərir. Siyasi gərginlik davam edərsə, son illər ilk dəfə olaraq neftin qiymətləri rekord həddə qalxa bilər. Neft 80-85 dollar ola bilər. Amma bu, dayanıqlı qiymət artımı deyil. Siyasi gərginlik olmasaydı, indi qiymət 50 dollar idi”.

İqtisadçı qeyd edib ki, Amerikanın hasilatı artırması da qiymətlərə mənfi təsir edir: “ABŞ-da neft hasilatı OPEC və Rusiyanın anlaşmasını üstələdi. OPEC və Rusiya 2016-cı ildə anlaşmışdı ki, gündəlik hasilatı 1.6 milyon barel azaldacaq. Bu da qiymətlərə müsbət təsir etmişdi. Amma ABŞ bundan sonra hasilatı 8 milyondan 10 milyon barelədək qaldırdı. Yəni, Rusiya və OPEC-in azaltdığı nefti ABŞ təkbaşına kompensasiya edir. Amma siyasi gərginliklər yenidən qiymət artımına gətirir”.

Qeyd edək ki, dünya birjalarında Azərbaycan neftinin qiyməti 75 dollara təklif edilir.


Müəllif: Mənsur Rəğbətoğlu