4 İyul 2016 14:53
1 157

Teleqraf.com regionda və dünyada müşahidə olunan siyasi-diplomatik təmaslar, xüsusilə, Türkiyə-Rusiya əlaqələri mövzusunda sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Rusiya-Türkiyə münasibətlərində kritik mərhələ müşahidə edilir. 7 ay əvvəl iki ölkə arasında pozulan münasibətlər iyunun sonlarından etibarən düzəlməyə başlayır. Sizcə, iki dövlət arasında nə baş verir?

- Rusiya qırıcısı vurulanda ortaya iki sual çıxdı: Birincisi, Rusiyaya məxsus təyyarələr niyə Türkiyə üçün həssas olan bölgədə koordinasiya etmədən fəaliyyət göstərirdi? İkincisi, bu təyyarə nəyə görə vuruldu? İndi qırıcının nəyə görə vurulması bəllidir. Ancaq təyyarələrin niyə bu həssas bölgədə Türkiyəni nəzərə almadan koordinasiyasız fəaliyyətinin səbəbləri bəlli deyil. Bu sualın cavabı olmalıdır. Çünki 7 ay əvvəl təəssürat yaranmışdı ki, bu böhranın yaranmasında hansısa qüvvələrin marağı var. Bu mənada problemin həlli lazım və vacib idi. Rusiya tərəfindən də münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr mövcud idi. Vaxtilə Rusiyanın Türkiyədəki səfiri bir neçə dəfə Xarici İşlər Nazirliyinə dəvət edilib və ona bu məsələlərlə bağlı xəbərdarlıq edilib. Lakin bu problemin həll edilməsi Rusiya rəhbərliyinin diqqətini cəlb etməyib. Bu baxımdan cavab istəyən suallar var və düşünürəm ki, bu suallara cavab tapılacaq.

- İndi münasibətlər bərpa edilir, təyyarə reysləri açılır, ruslar istirahət etmək üçün Türkiyəyə yollanır. Bu münasibətlərin yoluna qoyulması hansı perspektivlər açacaq?

- Türkiyə-Rusiya münasibətlərinin inkişafı üçün siyasi və iqtisadi əsaslar çoxdur. Qara dəniz hövzəsini, Xəzər dənizini, Balkanları, Yaxın Şərqi nəzərə alanda bu dövlətlərin əməkdaşlığı çox təbiidir. Bu əməkdaşlıq bölgə üçün perspektivli görünür. Bu iki dövlət birgə bu istiqamətdə çalışsalar, bölgə siyasi və iqtisadi cəhətdən udacaq. Əslində isə iki ölkə arasında münasibətlərdə böhranın yaranması qeyri-təbii idi.

- Münasibətlərdə müşahidə olunan istiləşmə Rusiya-Türkiyə hərbi yaxınlaşmasına səbəb ola bilərmi?

- Mən hərbi yaxınlaşmanı deyə bilmərəm. Lakin təhlükəsizlik, terrorizmə qarşı məsələlərdə əməkdaşlıq ola bilər və olacaq. İstanbulda baş verən hadisə göstərir ki, terrorçuların bəziləri Rusiya vətəndaşı olub. Bu kimi məsələlərlə bağlı əməkdaşlıq olmalıdır.

- Türkiyə-Rusiya yaxınlaşması Avropa və Qərb ölkələrini narahat etməyəcəkmi?

- Bununla bağlı müxtəlif spekulyasiyalar mövcuddur. Ancaq dəqiq suala cavab vermək bir qədər çətindir. Ümumiyyətlə, siyasətdə çox zaman bəyan olunan məqsədlərlə atılan addımlar bir-birindən çox fərqlənir. Məsələn, məndə belə məlumat yoxdur ki, Qərb ölkələri Rusiya-Türkiyə arasında toqquşmanın baş verməsində maraqlıdırlar. Ancaq Qərbin hansısa dairələri, Türkiyənin daxilində hansısa qüvvələr və Rusiyada müəyyən mərkəzlər mövcuddur. Bu qüvvələr, əlbəttə ki, Rusiya-Türkiyə arasında problemlərin olmasını istəyir və hətta bu istiqamətdə təbliğat da aparır. Bu iki ölkə arasında problem yaranan kimi erməni tərəfi Türkiyəyə qarşı təbliğatda fəal oldu. Rusiyada olan ermənilər maraqla Türkiyəyə qarşı təbliğatda iştirak edirdilər. Eyni zamanda kürd separatçılarının bəzilərinin bəyanatı olub, bəziləri Rusiyaya səfər edib. Bu baxımdan iki ölkə arasında münasibətlərin yaxşı olmamasını arzulayan dairələr hətta bu ölkələrin öz daxilində belə olub. İstisna etmirəm ki, bu qüvvələr dəstəyi Rusiya və Türkiyə sərhədlərindən kənardan alırlar. Ancaq Rusiya-Türkiyə əməkdaşlığı təbii olduğu qədər buna qarşı çıxan qüvvələr də mövcuddur.

- Bu münasibətlərin istiləşməsi Türkiyənin daxili siyasi həyatının normallaşmasına, xüsusilə, PKK ilə bağlı məsələlər təsir göstərəcəkmi?

- Dediyim kimi, artıq antiterror əməkdaşlığı olacaq və hər iki tərəf bunda maraqlıdır. Çünki Şimali Qafqazdakı gərginlik, PKK-nın fəaliyyətinin aktivləşməsi, İŞİD-in Türkiyə və digər ölkələrə qarşı fəaliyyəti var. Bu baxımdan terrora qarşı iki ölkə arasında əməkdaşlıq olmalıdır və tərəflər bundan ancaq yararlana bilər. Bir sözlə, bu ölkələr arasında mövcud olan gərginlik hər iki dövlətin və xalqın xeyrinə deyil.

- Türkiyə-İsrail yaxınlaşması baş verir. Bunu necə qiymətləndirmək olar?

- Təbii ki, bu iki ölkə arasında olan gərginlik həm də Yaxın Şərqdə gedən proseslərin bir hissəsi idi. Çünki “Ərəb baharı” deyilən hadisələr baş verib. Türkiyənin daxilində müxtəlif qüvvələr və siyasətçilər Türkiyənin ərəb ölkələrində rolu barəsində müxtəlif siyasət və taktika təklif edirdi. Lakin təcrübə və iş onu göstərdi ki, bu yanaşmaların böyük perspektivi olmayacaq. Əksinə, bu yanaşmalar yeni problemlər yaradacaq. Konkret olaraq İsraillə bağlı proseslərə gəldikdə, bu, daha çox Türkiyədə olan proseslərlə bağlıdır. Əslində, bu yaxınlaşma prosesi də normaldır. Çünki İsrail-Türkiyə əməkdaşlığı həm hərbi, həm də digər istiqamətlərdə faydalı idi. Yəni bu əməkdaşlıq hər iki dövlətin xeyrinə idi. Yaddan çıxarmayaq ki, indiyə qədər İsrail istifadə etdiyi yanacağın 40 faizindən çoxunu Bakı-Tbilisi-Ceyhan boru kəmərindən alır. Bu baxımdan da əməkdaşlıq təbii görünür. Hesab edirəm ki, indi Aralıq dənizindən tapılan qaz ehtiyatları və onun istifadəsində Türkiyə-İsrail əməkdaşlığı perspektivli olacaq.

NEMƏT


Müəllif: