16 İyul 2014 13:33
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhəçilər üç dəfə məni vəhşicəsinə döyüblər"

AXC-nin 25 illiyilə bağlı Müsavat Partiyasında keçirilən yubiley tədbirinə dəvət olunmayan Zərdüşt Əlizadə Teleqraf.com-un suallarnı cavablandırıb. Zərdüşt Əlizadə AXC İdarə Heyətinin üzvü olub. Amma Müsavat başqanı İsa Qəmbər onu tədbirə dəvət etməyib.

- Zərdüşt bəy, bu bün AXC-nin yubileyidir. Dünən isə bununla bağlı keçirilən tədbirdə İsa Qəmbər deyib ki, siz 1989-cu ildə qurumun qeydiyyat sənədlərindən Əbülfəz Elçibəyin adının cıxarılmasını istəmisiz. Səbəb kimi Elçibəyin məhkumluğunun olmasını göstərmisiz. Eyni zamanda ötən il bildirmisiz ki, Müsavatda bir nəfər də olsun, intellektual insan yoxdur. Müsavat başqanı bunlara görə sizə dəvət məktubu göndərmədiklərini bildirib. Buna münasibətiniz necədir?
- Mən ilk gündən Əbülfəz Elçibəyin AXC-də təmsil olunmasının əleyhinə olmuşam. Bu gün də hesab edirəm ki, Elçibəy AXC-nin çox səhv seçimi idi. Əbülfəz Elçibəy başqa maraqlar güdürdü. O, casus idi. Siyasi səriştəsi, idarəetmə qabiliyyəti yox idi. AXC-də bütün parametrlərinə görə Elçibəydən daha üstün adamlar çox idi. Sadəcə, mühüt, quruluş dəyişmişdi deyə təsadüfi adamlar qabağa düşmüşdü. Nemət Pənahlı, İsgəndər Həmidov, Rəhim Qazıyev, Əbülfəz Elçibəy, Pənah Hüseyn kimi adamlar ölkəyə rəhbərlik etmək istəyirdilər. Bu cür səriştəsiz adamlara görə AXC hakimiyyətdə qala bilmədi. İndi İsa Qəmbər mənim barəmdə nə deyirsə-desin, vecimə deyil. Onunla mübahisə etməyə həvəsim yoxdur. Müsavat Partiyasının durumu hər kəsə bəllidir. Görünən dağa nə bələdçi? Əgər orada siyasi intellektualizm varsa, nəticə hanı? Hakimiyyətə gələ bilməmələri bir yana, funksionerləri partiyanı tərk edirlər. Güclü, intellektual partiyanı tərk etməzlər.

- AXC-nin təsis olunmasında yaxından iştirak etmisiz. Bu təşkilat haqqında fikirləriniz nə vaxt dəyişdi?
- AXC-nin təsis konfransına böyük ümidlə getmişdim. Düşünürdüm ki, xalqa azadlıq, demokratiya verəcəyik, Qarabağ münaqişəsini həll edəcəyik, hüquqi dövlət yaradacağıq. Amma konfransdan məyusluq içində qayıtdım. "KQB" AXC-ni ələ keçirmişdi. Əbülfəz Elçibəyin dəstəsində olanlardan kimlər ki, sonradan hakimiyyətilə əməkdaşlıq etdi, onlar qabağa çəkildi, bu gün də vəzifədədilər. Məsələn, Fəzail Ağamalı, Fazil Mustafa, Fərəc Quliyev kimi adamlar. Kimlərin ki, iddiaları böyük oldu - İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn - onlar elə müxalifətdə qaldılar.

- Siz AXC-nin Azərbaycan tarixindəki rolunu necə qiymətləndirirsiz? Onun yubileyi qeyd olunmalıdırmı?
- AXC-nin təsis günü Azərbaycan siyasi tarixində qara ləkədir. Onun yubleyinin keçirilib-keçirilməməsilə bağlı heç nə deyə bilmərəm. Pis adamların da yubileyi olur. Pis adamın qohum-əqrəbaları yığışıb yubiley keçirə bilirlər. Xalq cəbhəsi xalqımızın başına olmazın müsibətlər gətirən bir təşkilatdır.

- İsa Qəmbər sizi AXC-nin yubileyinə dəvət etsəydi, gedərdiz?
- Qətiyyən. On ildir ki, İsa Qəmbərin üzünü görmürəm. O, Azərbaycan xalqının tarixində tam mənfi rol oynamış adamdır.

- Sizdən fərqli olaraq İsa Qəmbər AXC-nin Azərbaycan tarixindəki rolunu yüksək qiymətləndirib...
- AXC olsaydı da - olmasaydı da, Azərbaycan müstəqilliyə qovuşacaqdı. Türkmənistanda Xalq Cəbhəsi olmadı, məgər müstəqilliyə qovuşmadılar? AXC Azərbaycana demokratiya gətirmədi. Yenidənqurmadan sonra SSRİ-də müstəsna demokratiya vardı. 1991-ci ilə qədər demokratik ab-hava mövcud idi. Bütün azadlıqlar vardı. Sadəcə, AXC rəhbərliyi bu azadlıqdan istifadə edib ölkəni orta əsrlərə qaytardı. Elm, təhsil, iqtisadiyyat, mədəniyyət yoxdur. AXC İdarə Heyətinin üzvü idim. Üstümə bıçaq çəkirdilər, hücum edirdilər. Məni yalnız AXC-nin vaxtında döyüblər. Heydər Əliyev hakimiyyətə gələndən mənə heç kəs əl qaldırmadı. Baxmayaraq ki, hakimiyyətin sərt tənqidçisiyəm. Cəbhəçilər üç dəfə məni vəhşicəsinə döyüblər. Pənah Hüseyn baş nazir, İsa Qəmbər Ali Sovetin sədri, Elçibəy isə bizim prezident idi. İskəndər Həmidov kimi canini daxili işlər naziri qoymuşdular. AXC hakimiyyətini bu dörd nəfər idarə edirdi, daha doğrusu, onlar ölkəni uçuruma aparırdılar. AXC Azərbaycan üçün gözəl fürsət idi. Amma bu dörd nəfər, - mən Etibar Məmmədovu da bura əlavə edərdim, - fürsəti əldən verdilər.

Ayxan


Müəllif: