17 May 2016 19:05
1 788

Teleqraf.com Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelinlə müsahibəni təqdim edir:

- Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü başa çatıb, görüşdə Rusiya və ABŞ xarici işlər nazirləri də iştirak edib. Qarabağ konflikti ilə bağlı başlanan danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, situasiya dalana dirənmişdi. İndiyə qədər müxtəlif ranqlı görüşlər keçirilib, təkliflər səsləndirilib. Ancaq münaqişənin həlli baş tutmayıb. Artıq iyirmi ildir ki, biz cəbhə xəttində sakitlik yaradıb konfliktin sülh danışıqları vasitəsilə həllinə çalışırdıq. Ancaq təmas xəttində müşahidə olunan son proses göstərdi ki, artıq əhali və Azərbaycan hökuməti bu vəziyyətə dözmək istəmir. Aprel döyüşləri zamanı biz erməni ordusuna lazımı cavab verdik. Bu, göstərdi ki, ordumuz güclü və qüdrətlidir. Vəziyyət elə həddə gəlib ki, biz status-kvonun bu formatda olmasını istəmirik, buna dözmək niyyətimiz yoxdur. Hesab edirəm ki, təmas xəttində son baş verənlər dünyaya göstərdi ki, Qarabağla bağlı vəziyyət dalana dirənib. Bunun da səbəbi odur ki, erməni tərəfi işğal etdiyi torpaqları azad etmək istəmir, biz də haqlı olaraq ərazilərimizi geri qaytarmaq niyyətindəyik. Mənim qənaətim belədir ki, əgər sülh vasitəsilə konfliktin həlli yolu seçilirsə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra edilməlidir. Əks halda, vəziyyət hərbi istiqamətə doğru irəliləyəcək. Əminəm ki, Vyanadakı görüşdə Azərbaycan Prezidenti çox yüksək səviyyədə ölkəmizin maraqlarını qoruyub.

- Bir çox mütəxəssislər qeyd edirlər ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır. Siz bu barədə nə düşünürsünüz?

- Fikrimcə, təkcə Rusiyadan deyil, eyni zamanda ABŞ və Fransadan da asılıdır. Nəzərə alın ki, bu ölkələrin hər birində çoxlu sayda erməni və güclü erməni lobbisi mövcuddur. Mən başa düşürəm ki, çətin prosesdir, amma mümkündür ki, Minsk Qrupuna Türkiyə, Almaniya və digər ölkələr daxil edilsin. Amerika, Rusiya böyük dövlətlərdir. Hesab edirəm ki, BMT-nin qəbul etdiyi 4 qətnamə əsas olmalıdır, ATƏT-in Minsk Qrupu da əsasən bu istiqamətdə işləməlidir.

- Azərbaycanda bir qrup siyasətşünaslar hər zaman qeyd edir ki, Rusiya daha çox Ermənistanı müdafiə edir, bu ölkənin yanındadır və s. Ancaq aprel döyüşlərində fərqli vəziyyət müşahidə edildi və sanki Rusiya mümkün qədər bitərəfliyini saxlamağa çalışdı. Siz bu haqda nə deyə bilərsiniz?

- Hazırda Ermənistan Rusiyadan narazıdır. Elə biz özümüz də Rusiyadan razı qalmamışıq. Ancaq diqqət edin, son dövrlər Rusiya elə addımlar atır ki, bu, Ermənistanı qane etmir. Məsələn, Azərbaycana silah satır və s. Siz yəqin ki, gördünüz, Ermənistanda Rusiyanın bayrağını yandırdılar. Elə “Eurovision” mahnı müsabiqəsi zamanı onlar faktiki olaraq Rusiyaya 12 xal vermədilər. Bütün bunlar Ermənistanın narazılığının işartılarıdır. Son dövrlər Rusiya birmənalı Ermənistanın tərəfində durmur. Mən Sank-Peterburqda tədbirdə erməni deputatlarla görüşdüm. Orada mənə erməni deputat açıq dedi ki, siz nə istəyirsiniz, Sərkisyan sazişə getsin və bundan sonra onu güllələsinlər? Başa düşürsünüzmü, Ermənistanda nə qədər ki terrorizmi var, Azərbaycanla sülhə gedən, torpaqları azad edən şəxsi təhlükə gözləyəcək, öldürülməsə belə, ən azı hakimiyyətdən edəcəklər. Necə ki, vaxtilə Petrosyanı hakimiyyətdən etdilər, Dəmirçiyanı parlamentdə güllələdilər və s. Odur ki, Daşnaksütyun Partiyası nə qədər ki var, güclü dayaqlara malikdir, bu təhlükə olacaq. Daşnaksütyun Partiyası hələ SSRİ dönəmində gizli fəaliyyətdə olub və s. Hazırda bu partiyanın Ermənistanda mövqeləri çox güclüdür. Odur ki, istənilən Ermənistan prezidenti BMT-nin bəlli qətnamələrini yerinə yetirmək istəsə, onu təhlükə gözləyəcək. Məhz bu səbəbdən Sərkisyan bu problemi birdəfəlik həll etməyə getmir. Bununla belə düşünürəm ki, apreldə baş verən müharibədə Azərbaycan özünü göstərdi. Ermənistanı məcbur etmək lazımdır ki, sülhə gəlsin. Bunun üçün vasitəçilər və beynəlxalq ictimaiyyət ciddi işləməlidir.

- Rusiya- Azərbaycan hökumətləri arasında münasibətlər yüksək səviyyədə olsa da, rus mediasında Azərbaycana qarşı sanki qıcıq var, bunu aprelin əvvəllərində də müşahidə etdik. Sizcə, nəyə görə, Rusiya mediası, politoloq və ekspertləri Azərbaycana qarşı qəzəblidir?

- Bu çox sadə sualdır. Əgər Rusiya kanallarına baxırsınızsa, qəzetlərini oxuyursunuzsa, hiss edəcəksiniz ki, bu sahədə elə bir media qurumu yoxdur ki, orada erməni işləməsin. Bu ermənilər aprel hadisələri zamanı imkanlarından öz xeyirlərinə çox ustalıqla istifadə etdilər. Bir daha qeyd edirəm ki, qəzetlərdə, kanallarda kino ittifaqlarında və digər qurumlarında bir erməni olsa da, işləyir. Ancaq mən məsələni başqa cür qoyardım.

- Necə?

- Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Onların imkanları vardı ki, hansısa media qruplarını alsınlar, maliyyələşdirsinlər. Təəssüflər olsun ki, bu, müşahidə edilmir. Ola bilsin ki, zamanında biz bu istiqamətdə zəif olmuşuq. Ancaq qeyd edim ki, bu istiqamətdə ermənilərin vəziyyəti yaxşıdır. Bu vəziyyəti necə aradan qaldırmaq olar? Mən bunu deyə bilmərəm. Ancaq bildiyiniz kimi son zamanlar Azərbaycanın təşəbbüsü ilə Rusiyadan bura jurnalistlər, mütəxəssislər gəlir və buradakı vəziyyətlə yerindəcə tanış olur. Yeri gəlmişkən, Bakıda keçirilən foruma Rusiya prezidentinin palatasından üç nəfər də gəlmişdi. Mənim imkanım oldu ki, onlarla söhbət edim. Aramızda Dağlıq Qarabağ bağlı müzakirə oldu. Qonaqlardan biri dedi ki, Dağlıq Qarabağda situasiya Sumqayıtda ermənilərin öldürülməsi və döyülməsi hadisəsindən sonra baş verib. Baxın, görün, onlar bu məsələ ilə bağlı nə dərəcədə məlumatsızdır. Mənə ona izah etdim ki, Sumqayıtda baş verən hadisələr əslində Ermənistanda yaşayan bizim vətəndaşlarımızın oradan qovulması, bəzilərinin öldürülməsindən sonra baş vermişdi. Demək istəyirəm ki, Rusiyada çoxlu sayda politoloq və jurnalist ya Ermənistanın tərəfindədir, ya da ümumiyyətlə, bu münaqişə haqqında bilmirlər. Mən daima deyirəm ki, əslində, Qarabağda baş verənlər milli konflikt deyil. Bu problem hətta SSRİ dövründə yarandı. Onun milli problem olduğunu demək doğru olmazdı. Çünki ermənilər hələ SSRİ dönəmində Azərbaycanda ən yaxşı vəzifələrdə işləyib. Burada milli problem heç zaman olmayıb və bu gün də yoxdur. Sadəcə olaraq ermənilər bunu milli münaqişə formasında təqdim edirlər.

- “Eurovision” mahnı müsabiqəsində Ukraynanın birinci yer tutmasını necə qiymətləndirirsiniz?

- “Eurovision” müsabiqəsi çoxdan siyasi status alıb. Heç bu haqda danışmağa dəyməz.

NEMƏT


Müəllif: