5 İyun 2017 16:57
6 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə insanlar var ki, onları dinlədikcə dinləmək istəyirsən. Durmadan suallar vermək, fikirlərini öyrənmək, düşüncələrini bölüşmək o qədər xoş olur ki, vaxtın necə keçdiyini anlamırsan. Belə müsahiblər az, amma yaddaqalan olur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sevilən müəllimi, tanınmış bədii qiraət ustası Nadir Hüseynov uzun zaman unutmayacağımız müsahiblərdən oldu.

- Nadir müəllim, bədii qiraət, sadəcə şeir və ya hansısa mətni səsləndirmək üçündür, yoxsa?..

- Bədii qiraət aktyor sənətinin bir qoludur. Burda ifaçının tərəf müqabili tamaşaçıdır. Çox çətinliklə inanan tamaşaçı!

Ümumiyyətlə, bədii qiraət çox çətin sənətdir. Hər yerindən duran qiraətçi ola bilməz! O, mütləq aktyor sənətinin incəliklərini bilməlidir. Aktyor sənətindən xəbəri olmayan biri bədii qiraətçi ola bilməz. O, bədii qiraətçi kimi fəaliyyət göstərə bilər, amma mən bunu özfəaliyyət sayıram. Bədii qiraət, sadəcə, mətn səsləndirmək deyil. Kimisə öz səsinlə heyrətləndirə bilərsən. Səhnədə heyrətləndirməyə nə var ki?! Ən çətini dinləyiciyə təsir etməyi bacarmaq, tamaşaçını inandırmaq və ardınca apara bilməkdir.

Burda ən önəmli məsələlərdən biri, bəlkə də birincisi mətndir. Bir də görürsən ki, mətn çox təsirli mətndir, amma bədii qiraətçi onu məhv edir, təsirini azaldır. Lakin bir də görürsən ki, tam əksinə... Çox da önəmsəmədiyin bir mətni bədii qiraətçi elə səsləndirir ki, səni peşman edir.

Müəllif üçün vacib olan sual budur: Nə deyir? Qiraətçi üçün isə ən vacibi “Necə deyir?” məsələsidir. Bu “necə”ni tapmaq çox vacibdir!

- Tanıdığımız məşhur bədii qiraətçilər və ya bu sənəti öyrənməyə çalışan tələbələriniz arasında həmin “necə”ni tapanlar var?

- Var, amma çox az... Yox dərəcəsində! Məsələn, gənc qiraətçilərdə özgüvən, şöhrətpərəstlik lazımsız dərəcədədir. Zalda dinləyən tamaşaçının əl çalmasına tez aldanırlar. Neyləyirsən o alqışı, boğazdan yuxarı danışdıqdan sonra?!

Qiraətçi olmaq üçün mahiyyətin dərinliyinə varmaq vacibdir. Xırdalıqları axtarıb tapmaq gərəkdir. Dialoqa iki nəfərin danışığı kimi baxmamalısan. Dialoq sözlərin növbə ilə deyilişi deyil! Dialoq sənin sözlər vasitəsilə apardığın mübarizədir. Qiraətçi sözlə işləyə bilmirsə, o, ümumiyyətlə işləməməlidir. Mən tələbələrimə ilk növbədə bunları başa salmağa çalışıram.

- Tələbə demişkən... İndi sizinlə bir tələbənizin düşüncələrini bölüşəcəyəm:

“Demək olar ki, hamı onu bədii qiraətçi, həm də pedaqoq kimi tanıyır. Mənsə elə tanımıram. Mən Nadir müəllimi şeiri şair kimi hiss edən, inanılmaz analiz qabiliyyətinə sahib tənqidçi kimi tanıyıram. O, bizə şeir deyəndə düzgün nəfəs almağı öyrədirdi. Universitet illərində dediyi hər şeyi sonralar çox düşündüm, hətta lap çox. İndi qarın boşluğu ilə nəfəs alanda dediyim şeiri sinəmdə hiss edirəm. Elə bil şeiri sinəmə sıxıb qucaqlayıram. Nadir müəllim, şeiri qucaqlamaq olar? Olarsa, bu necə olmalıdır? Mən düz yoldayam?” (Gülür)

Nadir müəllim, bu sözləri tələbəniz, şair-aktyor Elçin Aslangil sizin haqqınızda deyib. Sizcə o, düz yoldadı?

(Gülümsünür)

- Elçin əvvəllər bir az tənbəl idi. Gec də olsa, başa düşdü ki, ona bu sənət lazımdır. İstəsə, yaxşı qiraətçi ola bilər. Sadəcə, şairliyi ona mane olur. Daha doğrusu, şairlərin yalançı pafosu...

(Gülür)

Hər şair öz şeirlərini deyə bilmir. Bircə, Yevgeniy Yevtuşenkodan başqa... O da artıq yoxdur...

Özümü tərifləmək kimi olmasın, bir dəfə mən ustad şairimiz Musa Yaqubun şeirini elə onun yanında necə səsləndirdimsə, Musa “Bunu mən yazmışam?!” - deyə təəccübləndi.

- Yenə tələbələri şeir deyə-deyə qaçırdırsınız? Qaça-qaça praktiki “Nəfəs məşğələləri” davam edirmi?

(Gülür...)

- Vaxt var idi tələbələrim Bəsti Cəfərova, Firəngiz Mütəllimova və başqaları ilə hər səhər bulvarda görüşürdük. Qaça-qaça məşq edir, tənginəfəs olub “Səhnə danışığı”nı öyrənir, necə deyərlər, ayaqüstə dərs keçirdik! İndi isə...

Nəsə çatmır... Dövr “o” deyil. Uşaqlar var, amma azdırlar. Hərdən arxaya dönüb baxıram ki, “sonramız” yoxdur. Əvvəlimiz olub axı, sonramız niyə olmasın?!

Mən bu işə həvəsi olan gəncləri, “yaxşıları” qəbul edirəm, onlarla fəxr edirəm, onlar üçün çalışıram. Amma...

(Susur...)

- Əvvəllər olan nə yoxdur indi?

- Əvvəllər bizi Moskvaya, Leninqrada aparardılar. Biz ictimai publikaya çıxana qədər nə müsabiqələrdən, nə mərhələlərdən keçərdik. İndi isə səsi, diksiyası olan da, olmayan da, ləhcə ilə danışanlar da, ümumiyyətlə, danışıq qabiliyyəti olmayanlar da – hamı efirdədir.

- Elə növbəti sualım da bununla bağlı idi. Başa düşdüyümə görə, televiziyalardakı xəbər aparıcılarının danışığı, səsi, sözləri tələffüz etmə forması sizi qane etmir...

- Qətiyyən! Nə efirdəki proqram, xəbər aparıcıları, nə onların qonaqları! Mən onları ədəbi dilimizi korlayanlar ordusu adlandırıram. Mən hələ risk edib özümü bədii qiraətçi adlandırmamışam. Amma onlar özlərini “bədii qiraətçi” kimi təqdim edirlər. Baxırsan ki, adının qaşısında dünyaşöhrətli yazılıb, amma Biləcəridən o yana keçə bilməyib.

- Müasir rejissorlardan filmlərdə, seriallarda çəkilməyinizlə bağlı təkliflər olur?

- 1-2 dəfə oldu, amma getmədim. Lap əvvəllər kiçik epizodik rollarda oynadığım olub. Amma indiki filmləri, serialları bəyənmədiyim üçün çəkilməyə də razılıq vermirəm. Sanki tamaşaçının zövqü korlanıb. Çox nadir hallarda olur ki, hansısa bir filmə baxıram və baş verən hadisəyə qarşı səhv reaksiya, aidiyyətsiz mimika görürəm. Bu, onu göstərir ki, sünilik, qeyri-peşəkarlıq baş alıb gedir.

- O zaman demək ki, ədəbiyyatı kinodan daha çox sevirsiniz?!.

- Mən nə ədəbiyyatı, nə də kinonu sevirəm. Mən insanlığa xidmət edən hər bir sahəni sevirəm. Yetər ki, xalqa, xeyirə, yaxşılığa xidmət edilsin!

- Çox sağ olun. Sonuncu dəfə kiminlə, harada belə səmimi söhbət etdiyimi xatırlamırdım... Məxsusi olaraq, Teleqraf.com üçün bir şeir deyin, oxucularımız, dinləyicilərimiz də feyziyab olsun!

- Sevə-sevə...

Bədii qiraət ustası Nadir Hüseynovdan eksklüziv ifanı və tələbələri ilə olan məşqindən bir parçanı aşağıdakı videolarda izləyə bilərsiniz:

Foto/Video: Elçin MURAD


Müəllif: Könül Əlibəyli