8 İyul 2017 18:51
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də ilk müstəqil teatr olan ADO-nun (“Azərbaycan Dağınıq Oda”) təntənəli yubiley tədbiri olacaq.

Teatrın təsisçisi və rəhbəri Elmin Bədəlov Teleqraf.com-a bildirib ki, alternativliyi, fərqli üslubu, modern, kreativ, art-anderground performansları ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO düz 1 həftə sonra 5 illik yubileyini rəsmi şəkildə qeyd edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif məkanlarda keçirən ADO teatr kollektivi 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində təşkil edəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir saat 17:00-da başlayacaq. Giriş sərbəstdir.

Elmin Bədəlovun verdiyi məlumata görə, Tədbirdə ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat veriləcək, video-tizer və fotolar təqdim olunacaq. Bundan əlavə tanınmış müğənnilərin və məşhur DJ-lərin iştirakı və bir çox maraqlı sürprizlər gözlənilir.

Qeyd edək ki, ADO 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra isə iki teatrı birləşdirərək bir ad altında (ADO) fəaliyyətini genişləndirərək davam etdirib.


Müəllif: Könül Əlibəyli