12 Avqust 10:25

Bu yaxınlarda erməni lobbisi tərəfindən rus tarixçisi Oleq Kuznetsova qarşı təqibin yeni dalğası başladılıb. Oleq Kuznetsovun erməni terrorizmindən bəhs edən “XX əsrdə transmilli terrorizmin tarixi” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Müəllif millətlər arasında ayrıseçkilik salmaqda ittiham olunur.

Teleqraf.com monoqrafiyanın müəllifi Oleq Kuznetsov ilə söhbəti təqdim edir.

- Dünən rus istintaq orqanları ilə əlaqədar sizə hüquqi yardım göstərən vəkil Elman Paşayev bizim redaksiyada olub. Bu görüş sayəsində məsələnin hüquqi tərəfi az-çox bizə məlum oldu. İndi biz sizin məsələyə münasibətinizi öyrənmək istəyirik.

- İlk növbədə mən bütün işlərimdə məni dəstəkləyən portalınıza təşəkkür edirəm. Hazırda ermənilər tərəfindən növbəti dəfə təqib obyekti olduğum zaman siz susmadınız və bundan yan keçmədiniz. Bütün bunlar mənim üçün çox xoşdur.

Bildiyiniz kimi, bu, Rusiya ermənilərinin məni siyasi mövqeyimə görə cinayət məsuliyyətinə cəlb etmək istədikləri ilk cəhd deyil. Buna görə də bu məsələlərdə müəyyən həyati və praktik təcrübə qazandıqdan sonra artıq onların hər hücumuna emosiyasız yanaşmağa öyrəşmişəm. Hamı bilir ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının maraq obyektinə çevriləndə situasiya heç kim üçün xoşagələn olmur. Lakin bu o demək deyil ki, mən mübarizə aparmayacağam. Ağlıma Redyard Kiplinqin “Cəngəlliklər kitabı”ndan bir sitat gəldi. Ayı Balu itlərlə döyüşən Mauqliyə deyir: “Bu yadda qalan ov olacaq!”. Bu gün məhz bu hissləri keçirirəm. Amma hələ ki, mən və təkcə mən deyil, Elman Paşayevin və rus, azərbaycanlı, yəhudi familyalı bir neçə Moskvalı vəkilin də daxil olduğu komandam da qazın ovçuya dönə biləcəyi anı gözləyirik. Bütün məsuliyyətimlə bəyan edirəm ki, bu işi başlayan erməni vəkil Ruben Kirakosyan bir müddət sonra öz xidmətlərinə görə Rusiya qanunvericiliyinə uyğun olaraq layiqli cavabını alacaq və Rusiyadakı heç bir erməni lobbisi, erməni mafiyasının pulu onun məsuliyyətdən qaçmasına kömək edə bilməyəcək.

- Fikirinizcə, sizi təqib etməkdə onların məqsədi nədir?

- Mən telepat deyiləm, buna görə də iyulun 10-da Rusiya İstintaq Komitəsinin vətəndaş qəbuluna gələrək məndən şifahi şəkildə şikayət edən Ruben Kirakosyan və onun tayfasını nəyin idarə etdiyini öyrənmək üçün onun beyninə girə bilmərəm. Bu görüşün bütün detalları mənə məlumdur. Kim nə danışıb, kim nə təklif edib, kim hansı cavabı alıb. Sentyabrın 10-da prosessual müddət başa çatır. Moskvanın qərb dairəsi üzrə İstintaq komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi A.A. Berlev bu şifahi müraciətin araşdırılmasının nəticələrilə bağlı öz mövqeyini ortaya qoyacaq. Bundan sonra həm hüquqi, həm də siyasi meydanda görəcəyimiz işlər bizim üçün aydın olacaq. Situasiyanın inkişafından asılı olaraq, bizim müdafiə və hücuma dair bir neçə planımız var və onlardan birini mütləq həyata keçirəcəyik.

Biz Ruben Kirakosyanın bəyanatına Rusiya prezidenti Vladimir Putinin də tez-tez işlətdiyi yanız bir “assimetrik cavab” verməklə kifayətlənməyəcəyik. Vəkil Elman Paşayevin də sizin portala bildirdiyi kimi, o mənim monoqrafiyamı ABŞ-da maliyyələşdirəcək. İngilis dilində tərcüməsi artıq var və bu dildə ilk nəşri Berlində oldu. Lakin növbədə ABŞ-dır. Burada monoqrafiyam üçün ən yaxşı reklam onun Rusiya hüquq mühafizə orqanlarının tədqiqat predmeti olması olacaq. ABŞ-da anti-Rusiya təşviqatı aparan qüvvələr az deyil. Ruben Kirakosyan isə onlara Kremlin üzərinə kölgə salmaq üçün növbəti səbəb verib. ABŞ-da az adam monoqrafiyamın həsr olunduğu erməni terrorizmi barədə düşünür. Hamı car çəkəcək ki, Rusiya hökuməti ermənilərin cinayətləri barədə həqiqəti yazan alimi təqib edir. Bu mütləq baş verəcək və sonra baxacağıq Kirakosyanın Moskvada başına nə gəlir. Görəcəyik, o daha çox itirəcək yoxsa mən. Belə bir deyim var: “Külək əsən fırtına biçər”. Amma mən əminəm ki, nə Kirakosyan nə də onu idarə edən erməni oliqarxlar düşünməyiblər ki, situasiya bu ssenari üzrə inkişaf edər. Ssenari isə inkişaf edəcək, əsas məsələ ondadır ki, müstəntiqin qərarı necə olacaq və Rusiyaya ermənilər bu mənada hansı siyasi zərəri vermiş olacaq.

- Siz demək istəyirsiniz ki, hüquqi yox siyasi təqibin qurbanısınız?

- Gəlin böyük sözlərsiz və pafossuz ötüşək. Son illər ermənilər lobbisi tərəfindən həmişə siyasi təqibə məruz qalmışam, hüquqi təqibdən isə hələ ki, söhbət getmir. Müstəntiq mənim fikrimcə, hələ ki öz işini düzgün və peşəkarcasına görür. Nəticələri bir aydan sonra biləcəyik. O vaxta kimi isə hər hansı qiyməti vermək düzgün olmaz. Bu istintaq prosesinə təzyiq kimi görülə bilər. Buna görə də bu barədə bir söz deməyəcəm, lakin onu deyim ki, söhbətimiz zamanı Aleksandr Alekseyeviç Berlev məndə güclü təəssürat yaratdı. Müstəqil və peşəkar müstəntiqdir. Lakin, bir ay sonra hər şey dəyişə bilər.

Məsələnin siyasi tərəfinə gəldikdə isə ermənilərin mənə qarşı olan iddiaları ilk baxışdan göründüyü kimi aydın deyil. Səbəb daha dərində, onların ədalət anlayışının yanlış qavramasında yatır. Heç kim üçün sirr deyil ki, bütün ermənilər özlərini ən qədim xalq hesab edir və sivilizasiyanın ali təbəqəsinə məxsus olduqlarını düşünürlər. Buna görə də onlara ünvanlanmış istənilən tənqidi prinsip etibarilə qəbul etmir və əgər kollektiv maraqlarına uyğun etdikləri istənilən cinayəti haqq işi sayırlar. Məhz buna görə törətdikləri terrorizmi qəhrəmanlıq, terroristləri isə qəhrəman, məni isə düşmənləri hesab edirlər. Ona görə də mənim simamda düşmən görməklə yalnız öz erməni terrorizmini müdafiə etmir, eləcə də öz şüuraltılarında terrorizmi öz siyasi məqsədlərinin və ya milli maraqlarının həyata keçirərkən haqlı olduqlarını düşünürlər. Odur ki, məsələ məndə deyil, Ruben Kirakosyan əsas etibarilə ermənilər tərəfindən düşünülmüş cəzasız terrorist olma hüququnu müdafiə edir. Bütün dünyanın bu hüququ qəbul etməməsi və etməyəcəyi onlara maraqlı deyil.

Bu mövzuda hətta mənim əleyhimə istintaqa qədərki yoxlamanı aparan Ruben Kirakosyanın da bilmədiyi daha bir vacib məqam var: o məni erməni terrorizmi barədə həqiqəti dediyim üçün cəzalandırmağa çağırıb. Rusiyanın “Ekstremist fəaliyyətə qarşı mübarizəyə dair” federal qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə bu ekstremist fəaliyyətin əlamətlərindən biri sayılır və yoxlama başa çatan kimi mən Kirakosyana qarşı ekstremist fəaliyyətdə günahlandıracam. O zaman onun dediyi hər şey və sənədləşdirilən bütün sözləri fikrimcə artıq ittiham olunması üçün sübut kimi istifadə olunacaq. O dava istəyirdi, onu görəcək, bizim heç birimiz bu situasiyada uduza bilmərik. Bütün maskalar çıxarılanda “həqiqət anı” gəlir. Mən məhkəmədə Ruben Kirakosyanı ictimai şəkildə “erməni terrorizminin vəkili” adlandıracağım günü gözləyirəm.

(Eurasia Diary)


Müəllif: Teleqraf.com