22 Avqust 2017 10:55
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik xəbərləri izləyəndə elə təsəvvür yaranır ki, xaricdə yaşayan azərbaycanlılar ya adam öldürür, ya uşaqlarını anasından oğurlayır, ya da azərbaycanlı milyarder müflis olub. Nəticədə oxucuların bir qismində xalqımız haqqında əskiklik inamı formalaşır, xaricdə olmayanlarda isə diasporumuz haqqında yanlış təsəvvür yaranır. Məgər biz beləyikmi?

Teleqraf.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə mediada xaricdə yaşayan azərbaycanlılarla bağlı neqativ xəbərlərin yayılmasına münasibət olaraq deyib.

O qeyd edib ki, vaxtaşırı deputat fəaliyyəti ilə bağlı xarici ölkələrdə olur və diaspor nümayəndələrinin uğurları ilə qürur duyur: “Kimsə vilayət parlamentinin deputatıdır, kimsə 50 min tələbəsi olan universitetin prorektorudur, kimsə nazir müavinidir, kimsə bu gün-sabah böyük bir bankın sahibi olacaq. Belə faktlar saysız-hesabsızdır. Başımızı aşağı edənlər də var, ancaq milli KİV-də yalnız onlar haqqında məlumat getməsi yolverilməzdir”.

Deputat vurğulayıb ki, son bir həftədə mətbuat orqanlarının xəbər lentində xaricdə yaşayan azərbaycanlılar haqqında bir xoş xəbər belə yayılmayıb: “Azərbaycanda gündəmi zəbt edən cəmi bir neçə xəbər var idi, öndə olan ikisi isə Rusiyada olan azərbaycanlılar barədə idi. Hər ikisi bəd xəbər idi: birində azərbaycanlının öz şəhərində dünya çempionu olan cavan rus oğlanı öldürməsi, ikincisi isə azərbaycanlı ərin rus həyat yoldaşı ilə boşanma ərəfəsində iki qızını götürüb arvadının maşınında aradan çıxması idi”.


Müəllif: Nərgiz