13 Sentyabr 2017 16:39
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Vyetnamdakı səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Xarici İşlər naziri Elmar Məmmədyarov və Vyetnam Xarici İşlər nazirinin müavini Bui Tanq Son konfransda xüsusi qonaq qismində çıxış ediblər.

Konfransda Vyetnam Xarici İşlər Nazirliyi, Vyetnam Kommunist Partiyası və digər dövlət təşkilatlarının rəsmiləri, parlamentin üzvləri, gənclər təşkilatlarının nümayəndələri, universitetlər, habelə Hanoydakı diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Üç sessiyadan ibarət olan konfransda Vyetnam-Azərbaycan əlaqələrinin tarixi, əldə olunmuş nailiyyətlər və əməkdaşlığın gələcək perspektivlərinə dair mühazirə və çıxışlar olub.

Konfransda çıxış edən E.Məmmədyarov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Azərbaycan və İran dəmiryol xətlərinin birləşdirilməsi istiqamətində görülən işlərə toxunaraq, bu layihənin və eləcə də onun Cənub-Qərb komponentinin Vyetnamın ixrac məhsullarının Avropa İttifaqı bazarlarına daha tez və effektiv şəkildə çıxarılması üçün əlverişli imkanlar yaradacağını bildirib. O əlavə edib ki, Azərbaycan və Vyetnamdan olan mütəxəssislər bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün tezliklə görüş keçirəcəklər.

Nazir Prezident İlham Əliyevin 11 sentyabr 2017-ci il sərəncamı ilə Azərbaycanla Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nghiem Vu Khai və Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib.

Tədbirdə Vyetnam xarici işlər nazirinin müavini Bui Tanq Son, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghein Vu Khai, Milli Məclisin deputatı Rauf Əliyev, Vyetnam Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Nqo Duk Man və Vietsovpetro Birgə Müəssisəsinin baş direktoru Tuan Ten Nqia və digər şəxslər çıxış edib.

Konfransda Milli Məclisin deputatı Elmira Axundovanın Vyetnam dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabının təqdimatı keçirilib.


Müəllif: Səxavət