14 Fevral 19:25
2 863

Ankarada müzakirələr çox gərgin keçəcək. Çünki Vaşinqton və Ankaranın mövqeləri bir-birinə aydındır. Tərəflərin heç biri öz maraqlarından imtina etmək haqqında düşünmür.

Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər sabah Ankaraya səfər edəcək ABŞ dövlət kaibi Tillersonla Türkiyə rəsmilərinin aparacığı müzakirələri şərh edərkən deyib.

Sülhəddin Əkbər hesab edir ki, danışıqların gərgin keçməsi gözlənilir, lakin bir nüansı nəzərə almaq vacibdir:

“ABŞ artıq Türkiyənin haqlı mövqedə olduğunu və bunun beynəlxalq birlik, eləcə də NATO-da rezonans doğurduğunu görür. Eyni zmanda ABŞ elitasında da fərqli səslər ortaya çıxmağa başlayıb. Bu baxımdan ola bilsin ki, ABŞ tərəfindən yumşaldıcı təkliflər irəli sürülə bilər. Amma danışıqların nəticəsi oratada olmadan konkret fikir söyləmək çətindir”.

S. Əkbərin qənaətincə, ABŞ regionla bağlı öz strategiyasının çərçivələrini Ankaraya izah etməyə çalışacaq: “Eləcə də yeni mərhələdə Ankaranın ABŞ-la birgə hərəkət etməsini istəyəcək. Ancaq bunun üçün ABŞ PKK, PYD və YPG məsələsində güzəştə getməlidir. Başqa sözlə, Amerika İraqda, Suriyada, gələcəkdə isə İran və Türkiyədə qurmağı planlaşdırdığı kürd dövləti ideyasından imtina etməlidir. Bu isə çətin məsələdir. Bu plan ABŞ və onun strateji müttəfiqi olan İsrailin strateji planında var. Bu mənada sabahkı danışıqlarla bağlı proqnozlar irəli sürmək çətindir. Amma ABŞ çalışacaq ki, münasibətlərdə müəyyən yumşalmalar baş versin. Əks təqdirdə ABŞ-Türkiyə münasibətləri qopma nöqtəsinə yaxınlaşa bilər. Bu da ABŞ üçün arzuedilməz olardı. Xüsusilə nəzərə alsaq ki, Rusiya və Çini qlobal təhdid, İran və Şimali Koreyanı isə regional təhdid kimi qəbul edən ABŞ xarici siyasəti üçün Türkiyəni itirmək məğlubiyyətə doğru addımlamaq olardı. Üstəlik, İran məsələsinin gündəmdə olduğu bir zamanda ABŞ Türkiyə ilə daha gərgin münasibət içində olmasını arzu etməz. Məncə, İran məsələsinə münasibət həlledici olacaq. Fikrimcə, ABŞ- İran məsələsində Rusiyadan dəstək istəyəcək. Bu halda Türkiyənin necə davranacağı mənim üçün də maraqlıdır. Ancaq İran məsələsində Ankaranın ABŞ-la birgə hərəkət etməyə razılıq verəcəyi təqdirdə kürd problemində Vaşinqton bu mərəhələdə Türkiyəyə güzəştə gedə bilər. Hesab edirəm ki, kritik nöqtə bu, ola bilər”.

Tillersonun Ankara səfəri öncəsi ABŞ-ın Demokratik Suriya Gücləri (DSG) adlı qüvvəyə 550 milyon dollar yardım ayırmasına gəldikdə Sülhəddin Əkbər deyib ki, ABŞ-da çoxfikirlilik müşahidə edilir:

“Əslində ilk dəfədir ki, ABŞ-da Tramp administrasiyasının milli təhlükəsizlik istiqamətində siyasi xətt formalaşmaq üzrədir. Amma buna baxmayaraq, yenə də Ağ Evdən, Dövlət Departamentindən, Pentaqondan, Milli Təhlükəsizlik Şurasından fərqli mövqelər səslənir. Bu arada qeyd edim ki, hazırda Pentaqon aparıcı mövqedədir. Lakin Pentaqonun öz daxilində də fikir ayrılığı var. Məsələn, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığı ilə mərkəzdəki komandanlıq arasınfa fikir müxtəlifliyi mövcuddur. Çox təəssüf ki, ABŞ-ın Türkiyəyə yönəlik siyasətində “sentkom” aparıcı rol oynayır. Burada olan generallar əsasən, Türkiyəyə qarşı köklənən generallardır. Bu dəqiqə Trampın yaxın müşavirləri anti-Türk mövqedədirlər. Nə qədər ki, bu generallar prezidentin ətrafındadır, ABŞ-ın Türkiyə siyasətinin dəyişəcəyi gözlənilmir. Amma mümkündür ki, Vatikanın işə qarışması durumu dəyişə bilər. Nəzərə almaq lazımdır ki, Pentaqonda əyləşən generalların əksəriyyəti kotolikdir. Yəni dərin məsələlər var. ABŞ dərin dövləti daxilində anqlosakslarla sionistlər arasında fikir ayrılıqları mövcudur. Bu məsələlərdə İngiltərənin mövqeyi var. Əgər Türkiyə Vatikan və Londonun dəstəyini qazanarsa, ABŞ-da güc balansını öz xeyrinə dəyişə bilməsə də, tarazlaşdıra bilər”.

“Tillerson çantasında Türkiyəyə hansı təkliflər gətirib, Ankara bu təkliflərlə razı olacaq, ya olmayacaq məsələsi açıq qalır. Hesab edirəm ki, burada əsas İran və Rusiya məsələsi olacaq. Bütövlükdə 2013-cü ildə yenidən işlənən Orta Şərq strategiyası ortaya çıxıb və hazırda Tramp hökuməti bu çərçivədə özünün regional siyasətini formalaşdırıb. Burada Türkiyənin ona ayrılan rolla razılaşıb-razılaşmayacağı həlledici xarakter daşıyacaq. Türkiyəyə elə təkliflər verilməlidir ki, Ankara ABŞ-ın regional siyasətinə dəstək versin. Bu da çətin görünür. Odur ki, danışıqlar çətin keçəcək və böyük ehtimalla nəticəsiz qalacaq”,- deyə, mütəxəssis bildirib.


Müəllif: Cavad