18 Fevral 2018 14:40
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail polisi Baş Nazir Benyamin Netanyahunun əlaqəsi olduğu daha bir korrupsiya araşdırması çərçivəsində hökumət başçısına yaxın şəxsləri nəzarətə alıb.

Teleqraf.com xəbər verir ki, İsrail polisi yazılı açıqlamasında bildirib ki, baş nazirin xeyrinə yayım qarşılığında media şirkətinə maliyyə imtiyazları tətbiq edilib. Məhz bu səbəbdən də ittihamlar çərçivəsində 4000 nömrəli cinayət işi əsasında bəzi şəxslər həbs edilib.

Həbs edilən şəxslərdən ən azı ikisinin Netanyahuya yaxın olduğu qeyd edilir, lakin onların adı açıqlanmır.

Sözügedən cinayət dosyesində əsasən Netanyahunun "Bezeq" media şirkətinin böyük səhmlərinə sahib olan Şaul Elovitk ilə əlaqələri, "Bezeq" media şirkətinin saytlarından birində Netanyahunun xeyrinə verilişlərin verilməsi qarşılığında əldə etdiyi imtiyazlardan bəhs olunur.

Baş nazirin ofisindən verilən açıqlamada isə bu ittihamlar rədd edilib.

“Bu, növbəti saxta ittihamdır. Baş nazir nə lehinə yayım, nə də başqa bir məqsədlər naminə Elovitkin maraqlarını güdməyib”, - deyə Netanyahunun ofisindən bildirilib.

Xatırladaq ki, İsrail polisi ötən həftə Netanyahu haqqında aparılan 1000 və 2000 saylı cinayət işinə əsasən korrupsiya araşdırmasının tamamlandığını bəyan edib. Və bu araşdırma zamanı baş nazirin rüşvət aldığı, korrupsiya ilə əlaqələri və vəzifə səlahiyyətindən sui-istifadə etdiyi haqda şübhələrə dair yetərli dəlillər əldə olunub.


Müəllif: Cavad