22 Aprel 2014 12:13

Akademiya islamı necə araşdırır

Qayqaz Müsəlmanları İdarəsinin “xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm xalqa, həm də dövlətçiliyə xələl gətirən addımlar tərəfimizdən qınanılır” xəbərdarlığı ciddi rezonans doğurub. Hazırda radikal nurçuluq cərəyanı ilə əlaqədar Azərbaycanda aparılan tədbirlərin kütləvi şəkil alması cəmiyyətdə bir qədər çaşqınlıq yaradıb. “Bu cərəyanların nümayəndələri dövlət və cəmiyyət üçün hansı təhlükəni törədə bilər” sualı üzərində düşünənlər də az deyil.

Hazırda islam dinində çoxsaylı anlayışlar var ki, əksəriyyətimiz bunlardan xəbərsizik, hətta “məzhəb”, “təriqət”, “cərəyan” kimi ifadələri qarışıq saldığımız da olur. Bu baxımdan islam dinindəki bu anlayışların elmi əsaslarla öyrənilib, ictimaiyyətə çatdırılmasına ehtiyac yaranıb.

Son 20 ildə Azərbaycanda ənənədən kənar cərəyanlar yayılıb

AMEA Şərqşünaslıq İnstitutunun Dinşünaslıq və mədəniyyət fəlsəfəsi şöbəsinin əməkdaşı, fəlsəfə doktoru Elvüsal Məmmədovun bildirdiyinə görə, Azərbaycanda mətbuat və media orqanlarında, eləcə də bir sıra dairələrdə islam fikri ilə əlaqəli “məzhəb”, “təriqət” və “cərəyan” anlayışlarını əksər hallarda fərqləndirə bilmirlər. Bu səbəbdən müəyyən məzhəb və cərəyanların səhv statuslaşdırması hallarına rast gəlinir:

“Məsələn, ölkədə din mövzusunda hazırlanmış media və mətbuat xəbərlərində nurçuluğu məzhəb adlandıranlar tapılır, halbuki nurçuluq, sələfilik, təkfirçilik dinə baxış formasıdır, dini cərəyandır. İslam fikri ənənəsində isə məzhəblər sırf hüquq institutlarıdır. Tarixən başlıca 6 fiqhi məzhəb mövcud olub.

Əhli-sünnə məzhəbləri dörddür: hənəfilik, şafeilik, malikilik və hənbəlilik. Şiə dini fikrində isə əsas iki fiqhi məzhəb fəaliyyət göstərir: cəfərilik və zeydilik”.

Son 20 ildə Azərbaycanda ənənədən kənar cərəyanların yayıldığını deyən alim bildirdi ki, həmin cərəyanların bəziləri artıq xalqın müəyyən hissəsində doğmalıq kəsb edib: “Qeyri-ənənəvi cərəyanlara emosional və ekspressiv yanaşmaq səhvdir, təəssüf ki, bu bizdə geniş yayılıb. Bu cərəyanlardan qorxmaq lazım deyil, əsas diqqəti qeyri-ənənəvi cərəyanların hərtərəfli tədqiqinə vermək lazımdır. Ənənəvi olmayan cərəyanlar qeyri-ənənəviliyinə görə yox, ölkədə stabilliyin pozulması və dini-məzhəb gərginliyinin yaranmasındakı roluna görə qadağan edilməlidir”.

İnsanlar islam dinini sağlam düşüncəli kadrlardan öyrənməlidir

Azərbaycanda islam dininin müxtəlif tərəflərindən bəhs edən, kifayət qədər sanballı ədəbiyyatın tərcümə olunduğunu vurğulayan alim dedi ki, ölkənin ali məktəblərində, hətta Elmlər Akademiyasının əlaqədar institutlarında din, ilahiyyat müəyyən səviyyədə öyrənilsə də, görüləcək işlər çoxdur: “Etiraf etməliyik ki, Azərbaycanda dinin öyrənilməsində bir çox hallarda radikallıq, xurafat, məzhəb təəssübkeşliyi özünü göstərir. Lakin onu deməliyik ki, ölkəmizdə islamı şüurlu şəkildə insanlara çatdıran ziyalı gənc nəsil formalaşır. İslamı təmsil edən ziyalılar nə qədər çox olsa, o qədər xurafatın, fanatizmin, radikallığın, məzhəb təəssübkeşliyinin qarşısı alınar. Ona görə düşünürəm ki, hökumət bu ziyalılarla
əməkdaşlığı artırmalı, onların xalqla ünsiyyətini təmin etməlidir.


Respublikamızda dini dəyərlərə qayıdış sürətlə baş verir. Belə bir mənzərəyə kənardan müşahidəçi kimi baxmaq doğru deyil. Çalışmaq lazımdır ki, insanlar islam dinini sağlam düşüncəli kadrlardan, islamı obyektiv şəkildə əks etdirən ədəbiyyatdan öyrənsinlər".

Elvüsal Məmmədovun fikrincə, Azərbaycan dinşünaslığında islam dini sırf ilahiyyat nöqteyi-nəzərindən öyrənilmir: “Bizdə din fəlsəfi və tarixi aspektdə öyrənilir. O da etiraf olunmalıdır ki, akademiyanın əlaqədar institutlarında görülən işlər xalqın dinə olan ehtiyacını ödəyə bilmir.

Burada hazırlanmış monoqrafiyalar, müdafiə olunmuş dissertasiyalar dini dəyərlərə qayıdışda özünü göstərən mənfi halların qarşısının alınmasında rol oynaya bilmir. Sırf nəzəri-akademik mövzulardır və müəyyən təbəqə şəxsləri maraqlandırır, praktik ”mütəhərriklik"dən məhrumdur, kütlənin başa
düşəcəyi dil və məzmunda deyildir. Buna görə də kütləni maraqlandıran problemlər, dinə qayıdışda meydana çıxan xoşagəlməz təzahürlər müvafiq hökumət orqanları və din sahəsində bacarıqlı mütəxəssislərin əməkdaşlığı çərçivəsində öyrənilməlidir".

Məzhəb tarixi müəllimi: “Tələbələrə məlumat veririk”

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin “Məzhəblər tarixi” fənninin müəllimi, fəlsəfə doktoru Aqil Şirinov bildirdi ki, fakültədə elmi səviyyədə bütün təriqətlər haqqında məlumat verilir. Onun sözlərinə görə, islam ənənəsində təriqət daha çox sufi qruplarına verilən addır, şiəlik, sünnilik isə məzhəb olaraq əqidəyə aid edilir: “Sonradan yaranan qruplar ya cərəyan, ya da nurçuluqda olduğu kimi camaat adlanır ki, bu termin Türkiyədən dilimizə daxil olub”.

Fakültənin öyrəncilərinə tarixi baxımdan islam dinindəki cərəyanlar haqqında məlumat verdiyini deyən Aqil müəllim əlavə etdi ki, Azərbaycanda hazırda ənənəvi dini məzhəblər çoxluq təşkil edir: “Şiəliyin içərisində vilayəti-fəqih termini var. Hazırda İrandakı dini sistem daha çox vilayəti-fəqih üzərində qurulub ki, bu qrupu qəbul edənlər də var, etməyənlər də. Azərbaycanda ənənəvi olmayan cərəyanların bir çoxu cəmiyyətdə müəyyən radikallaşmaya gətirib çıxarır. Burada təkrifçilik xüsusilə vurğulanmalıdır, çünki onlar özlərindən başqa kimsəni müsəlman saymırlar”.

Azərbaycan coğrafiyası üçün islamın tarixi yazılmalıdır

Tarixçi Əkbər Nəcəfin bildirdiyinə görə, Azərbaycan coğrafiyası üzrə islam tarixi öyrənilməyib: “Cəmil Bünyadovun ”Qərimətilər üsyanı" adlı rus dilində kitabı var. Qərimətilik IX-X əsrlərdə geniş yayılmış hərəkatdır, hazırda az sayda da olsa qəriməti mənsubu var. Bu, bütün xilafəti ələ keçirib, Məkkəni tar-mar edən bir hərəkat olub. Şiyəliyə yaxın müstəqil bir cərəyandır. Bundan başqa cərəyanlar haqqında elə bir kitaba rast gəlməmişəm.

Baxmayaraq ki, Azərbaycanda islam ölkəsi və İslam Konfransı Təşkilatının üzvüdür, amma bizdə islamın tarixi yazılmayıb. Dini kitabların çoxu İranda nəşr edilir. Ona görə, dinşünas alimlər məcburdur İranda nəşr olunan bu kitablara istinad etsinlər. Uzun illərdən sonra “İslam ensiklopediyası” yaradılıb ki, o da konkret bilgilər verir və bu sahədəki problemləri üzə çıxarmayıb. Türkiyə bu gün elmi baxımdan sünniliyi tədqiq etdiyi üçün vəhabilik bu coğrafiyaya nüfuz edə bilmir. Odur ki, din elmi cəhətdən öyrənilməyincə fanatikləşmə vüsət alacaq".

Sevil HİLALQIZI


Müəllif: