11 İyul 2016 16:14
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin altı ayı ərzində “Azneft” İstehsalat Birliyində 3 milyon 133 min ton neft hasil edilib.

Birlikdən verilən məlumata görə, “Abşeronneft” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələri üzrə göstəricilər plana görə daha yüksək olub. Belə ki, yanvar-iyun aylarında adıçəkilən idarələrin kollektivləri neft hasilatı üzrə proqnoz tapşırıqlarını müvafiq olaraq 114,6 faiz və 109,3 faiz yerinə yetiriblər.

Cari ilin altı ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 2,78 milyard kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 2,84 milyard kubmetrə bərabər olub. Plan 102,3 faiz yerinə yetirilib. “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatında aparıcı yerləri “28 May”, N.Nərimanov adına neft və qazçıxarma idarələri tuturlar.

İlin ilk altı ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 27 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 32,3 min ton neft hasil edilib.

Ötən altı ayda fəaliyyətsiz quyu fondundan 63 quyu istismara qaytarılıb. Bu quyulardan 7,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 18,8 min ton neft alınmışdır ki, bu da plandan 11,6 min ton çoxdur.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 318 geoloji tədbir keçirilib, nəticədə 67,6 min ton neft hasil edilib. Bu da plana qarşı 36 tədbir çox və 8,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20,5 min ton plana qarşı 26,6 min ton neft hasil edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: