20 İyun 2017 09:51
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümünün istiləri istirahətə ehtiyac yaradır. Gərgin iş qrafiki ilə çalışan media nümayəndlərinə yay məzuniyyətini harda və kimlə keçirəcəkləri sorğusu ilə müraciət etdik.

Teleqraf.com sorğuya verilən cavabları təqdim edir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hələ istirahət barədə fikirləşməyib: “Hələ heç düşünməmişəm, amma təbii ki, istrahət etmək lazımdır. Əgər getsəm ailə üzvlərimlə Türkiyə tərəflərə - Alanya, yaxud Antalyaya gedərəm”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı istirahətini rayonlarımızda keçirəcək: “Vallah, dünyanın elə vaxtına gəlmişik, düşünürəm ki, ölkəmizin rayonları istirahət üçün ən məqbul yerdir. Həm də jurnalistlərin işi baxımından rayonlarımıza getmək daha rahatdı. Yəni başqa ölkəyə getməyəcəm. 10 gün müddətində ailəmlə istirahət edəcəm”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun, deyəsən, heç başını qaşımağa vaxtı yoxdur: “İndi o qədər işim var ki, altında çabalayıram. Qorxuram, tətilə qədər dözməyib, ölüm. İşdir sağ qalsam, yəqin elə ölkədə dincələcəyəm. Xaricə getməyə imkanım yoxdur. Harasa getmək üçün xərcləyəcəyim pula daha bir kondisioner alıb, özümə aid otaqda quraşdırmaq istəyirəm. Sonra da qapını bağlamaq və bir həftə oradan çıxmamaq. İstrahət planım belədir”.

Report.az saytının baş redaktoru Murad Əliyev işlərinin çoxluğundan mütləq istirahət etməli olduğunu bildirib: “Əlbəttə ki, istirahətə ehtiyac var. Bu il iş çox oldu, artıq özüm də hiss edirəm ki, istirahət etməliyəm. Amma hələ bir qərara gəlməmişəm. Yəqin ki, elə Azərbaycan daxilində rayonların birində 1 həftə-filan ailə üzvlərimlə istirahətdə olacam”.

“Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidovanın təzə körpəsi dünyaya gəldiyi üçün istirahət barədə hələ düşünməyib: “Övladım təzə dünyaya gəlib, hələ düşünməmişik. Həm də körpəyə görə, çox güman, bölgələrimizdən birinə istirahətə gedəcəm”.


Müəllif: Şəfiqə Nazimqızı