20 İyun 12:40
310

İçərişəhərdə Qoşa Qala divarına bitişik yerdə restoran inşa olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, İçərişəhərdə Qoşa Qala qapısından içəri daxil olduqda sağ tərəfdə 20-30 metr qala divarı təmir adı ilə hasara alınıb: “Lakin təmir əvəzi tarixi abidəmiz olan Qala divarına bitişik obyekt-restoran inşa edilir. Halbuki tarixi abidəyə bitişik heç nə tikmək olmaz”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti Nərmin Azadgil Teleqraf.com-a açıqlamasında bildirib ki, Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılır: “Abidələrin qorunub saxlanılması məqsədi ilə vaxtaşırı bərpa və konservasiya işləri aprılır. İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi işlər görülür. Bu ildə də işlər davam etdirilir.

Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılır. Həmin ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən Qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı ziyarətçilərə, turistlərə xidmətlərin göstərilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub”.

Nərmin Azadgil qeyd edib ki, son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və sair kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində bərpa və konservasiya işləri aparılıb.


Müəllif: İlhamə Əbülfət