24 İyun 2017 12:29
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan uşaqlıq, yeniyetməlik dövründə boşluqlara düşür və ödənilməyən tələbatları olursa, müəyyən mərhələdən sonra zərərli vərdişlərin, o cümlədən bıçaqlanma hadisələrinin, cinayət əməllərinin meydana çıxmasına şərait yaradır.

Bu sözləri psixoloq Psixoterapevt Könül Cəfərova Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanın ödənilməyən tələbatlar insan psixologiyasında ciddi rol oynayır: “Biz cəmiyyətə sağlam şəxs təqdim etmək istəyiriksə, ona sağlam iqlim, şərait, ailəni verməliyik. Psixoloqların iddialı şəkildə yönləndirdiyi bir məqam var ki, uşaqlarınıza tərbiyə verməyə çalışmayın. Onlara sadəcə nümunə olmağa və sağlam şərait yaratmağa çalışın.

Biz uşaqları konfliktli, söz-söhbətli ailədə tərbiyə ediriksə, təbii ki bu cür ailələrdə böyüyən uşaqların cəmiyyətə uyğunlaşmasında, özünü təsdiqləməsində problem yaranır. İnsan dünyaya fərd olaraq gəlir, şəxsiyyət kimi formalaşır. Yəni heç kim pis insan kimi doğulmur.

Bıçaqlanma hadisələri niyə artıb? Çünki bıçaq insanların şüurunda müdafiə mexanizmi kimi yer alır. Bıçaqdan cinayət aləti kimi istifadə edən insanların mütləq şəkildə yuxarıda sadaladığımız psixoloji problemləri var. Yəni həmin insanlar özünü təsdiq, qiymətləndirmək üçün yanlış olaraq, bıçaqdan, narkotik vasitədən, içkidən, silahdan istifadə etməklə özlərini tapmağa çalışırlar”.


Müəllif: Şəfiqə Nazimqızı