12 Yanvar 14:55
186

Son bir ildə 1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müvafiq layihələr üzrə 4,1 min nəfər uşaq isə reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub.

Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər.

Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar.

Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslərdir.

Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və sair işlərdə köməklik göstəriblər.

2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub.


Müəllif: Şəfiqə