24 Yanvar 2018 14:06
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

BŞTİ-dən Teleqraf.com-a verilən məlumata görə, imtahanlar 29-30 yanvarda Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkarlanarsa, namizədlərin nəticələri ləğv olunacaq.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.


Müəllif: İlhamə Əbülfət