22 Fevral 2018 08:46
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Analar var övladını atır, körpələr evinə verir. Analar da var övladının sağlam gələcəyi üçün ailəsindən keçir.

Vüsalə Həsənova da (ad-soyad şərtidir) ailəsindəki problemlərdən dolayı xəstə övladları ilə evdən getmək qərarına gəlib.

Vüsalə deyir ki, həyat yoldaşı ilə rəsmi nikahda olub: “El adəti ilə evləndik. Qaldığımız 3 otaqlı evdə bizimlə bərabər yoldaşımın ana-atası, qardaşları və qayınanamın bacısının ailəsi yaşayırdı. Bu evdə mən gedən gündən söz-söhbət, dava-qırğın, mədəniyyətdən kənar hərəkətlər baş verirdi. Bir dam altında 3 ailə yaşayırsa, o evin halını təsəvvür etmək çətin deyil.

Bacının bacıya, ananın oğluna kini-küdurəti, qəzəbi vardı, bunu heç biri-birindən gizləmirdilər də... Belə şəraitdə mənim də əsəblərim tarıma çəkilirdi.

Birinci övladım dünyaya gələndə evdə körpə olmasına baxmayaraq, mənfi münasibətlər səngimədi. Məni də döyür-söyür, təhqir edirdilər. Mənə tək yoldaşım yox, qayınanam-qayınatam da zülm edirdi. Belə bir əsəbi, dava-dalaşlı mühit ikinci övladımın sağlamlığına da təsir etdi. Uşağım əsəb-sinir sistemi xəstəliyi ilə dünyaya gəldi”.

Vüsalə bu məqamda göz yaşlarını saxlaya bilmir və övladının bu münasibətlərin qurbanı olduğuna görə mənəvi əzab çəkdiyini deyir: “Yoldaşımla razılaşıb, kirayə mənzilə çıxdıq. İkimiz də işləyir, yaxşı yaşayırdıq. Amma qayınanamgil heç cür bizə imkan vermirdi. Bazarlıq edib, soyuducunu doldururduq. Gəlib görürdüm, heç nə qalmayıb. Mən işdən gələnə kimi qayınanam yoldaşımın evə tez gəlməyindən istifadə edib, soyuducudakıları yığıb aparırdı. Aldıqlarımı yenidən alırdım ki, bu da ikiqat başa gəlirdi bizə. Əziyyətlə uşaqlarımın qarnına çörək alırdım, imkan vermirdilər ki, onu balalarıma rahat verim.

Dolanışıq və bir az da bu baş verənlərə etiraz etdiyimə görə yoldaşımla yenidən həmin evə qayıtdıq. Amma güzəranımız dəyişmədi. Uşaqlar artıq böyümüşdülər. Hiss edirdim ki, uşaqlarımın tərbiyəsi pozulur. İki övladım öz aralarında biri-birinə aqressiv idi. Evdə necə görmüşdülərsə, o cür rəftar edirdilər. Gördüm ki, belə davam edə bilməz. Boşanmağa qərar verdim və məhkəməyə müraciət etdim.

Məhkəmə aliment kəsdi, ayrıldıq. Mən həmin o cəhənnəm evdən çıxdım, sığınacağa gəldim.

İlk vaxtlar oğlanlarım burdakı uşaqlara və qadınlara nəsə neqativ reaksiya verirdilər. Bilirəm ki, bu, onların evdə gördüyü mühitdən qaynaqlanır. Amma burdakı uşaqlara, qadınlara başa salmaq da çətindir ki, bu uşaqlara adaptasiya lazımdır.

Uşaqlar o qədər dava-şava, döymək-söymək görüblər ki, elə bilirlər belə də olmalıdır. Qadınlara, uşaqlara aqressiv, kinli yanaşırdılar. Bu aqressiyaların səbəbini soruşanda böyük oğlum deyirdi ki, mənim ümumiyyətlə qadınlardan xoşum gəlmir. Halbuki onun hələ 4 yaşı var. Amma burdakı əməkdaşların köməyi ilə vəziyyətləri az da olsa düzəlib”.

Vüsalə bildirir ki, övladı atasına can atırdı. Məhkəmənin qərarı ilə atası ilə görüş günləri təyin edilib: “Həmin günlərdən birində oğlum atası ilə getdi. Bir gün nənə-babasının yanında qaldı. Gələndən sonra soruşduq ki, yenə atanla getmək istəyirsən? Uşaq bu dəfə əvvəlki canfəşanlıq eləmədi. Atası ilə qalmağa daha razı olmadı. Bilmirəm o gedən günü evdə nə olmuşdu... Daha atasını istəmir”.

Vüsalə yenə göz yaşlarına boğulur. Sığınacağın əməkdaşları ona təmkinli olmağı məsləhət görür, hər şeyin yaxşı olacağını deyirlər.

Vüsalə gözünün yaşını silə-silə deyir, məni o həddə çatdırıblar ki, övladlarımın haqqı olan alimenti də onlardan istəmirəm: “Təki o adamlar məndən, uşaqlarımdan uzaq olsunlar. Onların gözü qarşısında atanın ananı necə döyməsinə, təhqir etməsinə daha imkan verə bilməzdim”.

Birliyin əməkdaşı Yaqut xanım bildirir ki, Vüsalə 4 aydır burdadır: “Bir müddət burda qalmağı istəyir. İşləyib övladlarına sahib çıxmaq üçün iş axtarışındadır”.


Müəllif: Şəfiqə Nazimqızı