23 Aprel 2018 15:02
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC ölkəyə yeni gətirilmiş 5 vaqonlu sərnişin qatarının təqdimatını edib.

Teleqraf.com-un məlumatına görə, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə iki ədəd qatarın alınması ilə bağlı müqavilə imzalanmışdı: “Məlum olduğu kimi qatarlarımızdan biri artıq Bakıdadır. Ayın 20-si Prezidentin iştirakı ilə qatar xəttə buraxılıb. Növbəti qatar isə mayda gətiriləcək.

Yeni qatarlar əvvəlkilərdən kəskin surətdə fərqlənir. Xüsusilə sərnişinlər üçün maraqlı olan havalandırma və kondisioner sisteminin mövcudluğudur. Vaqonlararası keçid mövcuddur. Yəni sərnişin birinci vaqondan minərək ən sonuncu vaqona qədər gedə bilər”.

Nəsimi Paşayev bildirib ki, qapıların daha enli olması sərnişinlərin rahat düşüb-minməsinə şərait yaradır: “Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur. Həmçinin hər bir vaqonda 16 ədəd USB portu var. Bu da sərnişinlərə telefon, planşet kimi avadanlıqlarını enerji ilə doldurmaq imkanı verəcək. Fiziki məhdudiyyətli insanların rahat istifadəsi üçün xüsusi yerlər də var. Ümumilikdə qatar avadanlıqlar baxımından ən son texnologiyadır".

Nəsimi Paşayev qeyd edib ki, bir neçə istiqamətdə metrostansiya tikilişi davam edir. Bənövşəyi xəttin B3 adlanan stansiyasında, eləcə də Xocasən istiqamətində Dərnəgül elektrik deposunda tikinti işlərini sürətləndirib.


Müəllif: Şəfiqə