26 Aprel 2018 16:39
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeni ixtisasların, o cümlədən, ingilis dilli İdman jurnalistikası magistr ixtisasının tədrisinə başlanılıb. Hazırda isə Akademiya bu ixtisas üzrə 2018-2019-cu akademik dərs ili üçün növbəti qəbul aparılır.

Teleqraf.com xəbər verir ki, magistr imtahanının I mərhələsindən minimum 50 bal toplayan namizədlər 1 may 2018-ci il tarixinə kimi İdman jurnalistikası magistr proqramına qəbul üçün müraciət edə bilərlər.

Magistr proqramına qəbul imtahanın II mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, İdman Jurnalistikası Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu magistr proqramında təhsil alacaq magistrlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, onlayn media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, İdman jurnalistikası ixtisasına qəbul olunan magistrlər proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçəcəklər.


Müəllif: Şəfiqə