25 Fevral 2015 16:05

Çox həyəcanlı idim. Çünki uşaqlıqdan adını tez-tez eşitdiyim və yalnız televiziya ekranında izləyə bildiyim Neft Daşlarına gedəcəkdik. Pirallahıda bizi dəniz şəhərinə aparacaq helikopteri gözləyəndə yadıma “Bəxtiyar” filmində Rəşid Behbudovun yaratdığı eyni adlı obraz düşdü.

Vəd olunan vaxtda helikopter yaxınlaşır və biz “Möcüzələr adası”na uçuruq. Biz – yəni ARDNŞ-in gənc jurnalistlər üçün təşkil etdiyi “Qış məktəbi”nin iştirakçıları...

Bizimçün artıq paytaxtdakı qaynar həyat aşağıda qalır. Əvvəlcə quru azalır, sonra dənizin sahəsi genişlənir. Adaya yaxınlaşdıqca dəniz üzərində platformalar gözə çarpır. Cəmi-cümlətanı 20 dəqiqədən sonra bir zamanlar ekranlardan izlədiyim Neft Daşlarına çatırıq.

Buraya dənizdə kilometrlərlə uzanıb gedən estakada yığını demək olmaz. Bura yaşayış məntəqəsi, dalğalar qoynunda şəhərdir.

Batırılmış 7 gəmi üzərində şəhər

İlk olaraq burada jurnalistləri “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev qarşıladı, söhbətə şəhərciyin tarixi haqqında məlumatla başladı.

Onun sözlərinə görə, Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artıran və İkinci Dünya müharibəsindən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirən əfsanədir: “Neft Daşlarında neft quyularının qazılması üçün 1949-cu Xəzərdə estakadaların tikintisinə başlanılır. Amma qəsəbənin öz tarixçəsi var. İllər öncə alimlər bu ərazidə üstü neftlə örtülü qayalara rast gəliblər. Bu qayalara görə dəniz sahəsi “Qara daşlar” adlanırmış.

Qara daşlarda neft olması ehtimalı alimlərin diqqəti çəkibmiş. Qərara alınır ki, dənizdə quru sahələr deyilən ərazidə kəşfiyyat aparılsın. Bunun üçün istifadəyə yararsız 7 gəmi batırılır. Süni şəkildə 7 gəmi adası belə yaranır.

Çox keçmədən ümidlər doğruldu. Dünyada ilk dəfə dənizin dibindən neft hasil olundu. Dənizin 942 metr dərinliyindən neft fontan vurdu. Daha sonra Qaradaşların adı dəyişdirilərək Neft Daşları adlandırıldı”.

Xeyrulla Ağayev deyir ki, 1950-cə ildə buradan hasil edilən neft respublika üzrə ümumi neftin 10,6 faizini təşkil edirdi: “İlk fontan 1949-cu ilin noyabrında 1 saylı axtarış quyusunda vurdu. Onun sutkalıq gücü 100 ton idi. Bu, ümumittifaq miqyaslı hadisə idi. Neft Daşlarında intensiv iş 1950-ci ildən başlandı və artıq növbəti ilin fevralında neftlə dolu ilk tanker Bakıya yola salındı.


Neft hasilatı 1967-ci ilədək durmadan artırdı. Həmin dövrdə 769 hasilat və 116 su quyusunda iş aparılırdı. 70-ci illərin ortalarına doğru Neft Daşlarında 115 milyon ton neft hasil edilmişdi ki, bunun da 87 faizi fontan üsulu ilə çıxarılmışdı.

Neft Daşları dünyanın hasilatçı ölkələri üçün dənizdəki neft yataqlarının mənimsənilməsinə örnək oldu. Buradakı təcrübədən onlarca ölkə istifadə elədi, Neft Daşları dəniz qazma nəzəriyyəsi və praktikasının inkişafında güclü katalizator rolunu oynadı.

Neft Daşları yatağının kəşfi və mənimsənilməsində geoloq Fuad Səmədovun böyük xidmətləri vardı. Bir sıra alim, neftçi və geoloqlar, o cümlədən Fuad Səmədov Neft Daşlarının fəthinə görə Lenin mükafatına layiq görüldülər”.

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçalı Mahmudov deyir ki, Neft Daşları dünyada ilk elmi-texniki laboratoriya, dünyanın müxtəlif yerlərindən olan minlərcə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi akademiyadır: “Uzunluğu 180 kilometr olan bu süni ada artıq yarım əsrdən çoxdur Bakının simvolu, II Dünya müharibəsindən sonra SSRİ-nın iqtisadi bərpasında göstərdiyi xidmətin canlı abidəsidir. Bakıda dəniz neftçisi nəsildən-nəslə keçən peşə sayılır.

Azərbaycanda hasil olunan neftin üçdə bir hissəsi bu gün Neft Daşlarında çıxarılır. Bu, 120 kilometrlik metal estakadalar və ikimərtəbəli möhkəm evlərin tikildiyi küçələrdir. Bu, hər şeylə maraqlanan, dənizdə heç də asan olmayan neft hasilatının sirlərinə yiyələnən gənc insanların şəhəridir”.

Fırtınanın apardığı qəhrəmanlar

Neft Daşlarının tarixinin zənginləşməsində orda çalışan insanların da əməyi az deyil. Burda fırtınalara, küləklərə neçə-neçə insan qurban gedib. Ən çox itki 1957-ci ildə güclü qasırğa zamanı baş verib. 27 neftçi peşə borcunu yerinə yetirərkən həlak olub. Hazırda Neft Daşlarının parkında bu qəhrəmanlara abidə ucaldılıb.

Neft Daşlarında yollar uzun olmasa da, xəyallarımızı uzaqlara apardı. Yol boyunca borularda təzyiqlə axan neftin, ətrafda çalışan qurğuların səsi insanı ilk başdan təşvişə salır. İşin böyük hissəsini insanlar görməsələr də, yenə də insan əməyinin rolu əvəzsizdir.

“Bəzən uşaq səsi üçün darıxıram”

Həyatını Neft Daşlarına həsr edənlərdən biri də Firat Əliyevdir. Deyir ki, Neft Daşlarında işləməyi ilə fəxr edir: “Sevinirəm ki, dənizdə neftin çıxarılmasında az da olsa zəhmətim var. İşini sevən adam xoşbəxt həyat sürən adamdı. Düzdü, dənizə çıxıb evdən-eşikdən ayrı düşmək çətindir. Amma bura da bizim öz evimiz kimidir. İlin yarısını evində, yarısını da burada yaşayırsan”.

Çox vaxt Neft Daşları deyəndə ilk ağla kişilər gəlir. Amma burada kişilərlə yanaşı qadınlar da çalışır.

Uzun illərdi Neft Daşlarında laborant işləyən Kəmalə Əliyeva deyir ki, iş növbəsi zamanı sadəcə evindəki nəvələrinə görə darıxır: “Bura mənim iş günlərimdə yaşadığım ikinci evimdir. Amma bəzən uşaq səsi üçün darıxıram. Burada uşaqlar olmur. Mənim nəvələrim var. Evdə onlarla oynayıram, əylənirəm. İş zamanı hərdən onların səsləri qulaqlarımda cingildəyir”.

Neft Daşlarında 3500-dən çox insan yaşayır. Qəsəbədə gün ərində 2000-dən çox çörək bişirilir. Amma işçilər yeməklərin keyfiyyətindən narazıdırlar. Bunu da yazmağı borc bildik...

“Ceyms Bond” Neft Daşlarında

1999-cu ildə “Ceyms Bond” silsiləsindən “Dünya geniş deyil” adlı filmin bir epizodu Neft Daşlarında çəkilib.


Filmdə bildirilir ki, Neft Daşları özünün çiçəklənmə dövrünü 60-cı illərdə yaşayıb. Amma indinin özündə də yeni-yeni neft mənbələri aşkarlanır və hasilata cəlb olunur. Hazırda əsas vəzifələrdən biri yeni və köhnə neft qurğuları arasında fiziki əlaqənin qorunub saxlanmasıdır.

Ona görə də paslanmış metal hissələr daim yenilənir və qurğular arasındakı yollar təmir olunur.

Neft Daşlarında hasil olunan neft dənizin dibi ilə birbaşa Bakıya, oradan isə beynəlxalq kəmərlər vasitəsilə xaricə daşınır.

...Artıq sondur, bizə ayrılan helikopter gələnə kimi gözətçilərlə söhbətləşirik. Söhbət əsnasında ara-sıra uzaqdakı mədənlərlə bağlı xəbərləşirlər. Helikopter gələndə yenə növbənin iş rejimi başlayacaq.

Budur helikopter meydançaya qondu. Bizimçün “Möcüzə aləmi” bitdi. Amma xəyallarımda bu “Möcüzə aləmi” daha uzun müddət sürəcək...

İlhamə Əbülfət


Müəllif: