17 Mart 2015 18:00
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının birgə təşkilatçılığı ilə martın 18-də Bakının Nəsimi rayonunda gənclər üçün Əmək yarmarkası keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, “Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunan aktiv məşğulluq tədbirində 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə olaraq, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-ı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Eyni zamanda, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq.

Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.

Naibə QURBANOVA


Müəllif: