7 İyul 2015 17:59
277

“Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinə yekun vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən nazirliyin Birləşmiş Həmkarlar Təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib. Tədbirdən əvvəl mahnı müsabiqəsinə və iştirakçılara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanın xalq artisti Azərin, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Təşkilatının sədri Abuhəyat Dadaşova və polkovnik Elşad Əbilov çıxış edərək bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd əsgər və zabitlərimizin, eləcə də gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi, milli mədəniyyətimizin, musiqimizin təbliği ilə yanaşı, yeniyetmə və gənclərdə hərbi xidmətə olan diqqət və marağın artırılması olub.

Müsabiqə cəbhəyanı bölgədə yerləşən bütün hərbi hissələri əhatə etdiyindən Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tərtər, Beyləqan, Füzuli rayonlarından olan hərbi qulluqçular və gənclər müsabiqədə daha fəal iştirak ediblər. Müsabiqə dövründə yeniyetmə və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanış olmaq imkanı da əldə ediblər. Müsabiqə bir daha göstərdi ki, vətən müdafiəçilərinin və gənclərimizin vətənpərvərlik ruhu, döyüş əzmi, vətənə, xalqa sədaqət hissləri yüksəkdir.

Seçim turlarında daha çox fərqlənən müsabiqə finalçıları Sabir Hüseynov, Sabir Əliyev, Rəşad İsmayıl, Abdulla Mədinov səhnəyə dəvət olunublar. Onların oxuduqları mahnılar alqışlarla qarşılanıb.

Münsüflər heyətinin qərarına əsasən Sabir Əliyev və Rəşad İsmayıl birinci, Sabir Hüseynov ikinci, Abdulla Mədinov isə üçüncü yerə layiq görülüblər.

Tədbirin sonunda Azərbaycanın xalq artisti Azərin əsgər və zabitlərimizi qələbəyə səsləyən mahnılar ifa edib.

Müsabiqə qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.


Müəllif: