29 İyul 2015 15:42

“Parabank” ASC-də Vergilər Nazirliyi və Mərkəzi Bank yoxlamalara başlayıb. Mətbuatda yazılan məlumatlara görə, yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb. Bildirilir ki, nöqsanlar o həddədir ki, bankın fəaliyyəti hər an dayandırıla bilər.

Faktla bağlı sözügedən bankla əlaqə saxladıq. “Parabank” ASC-nin Satışın stimullaşdırılması və keyfiyyətin artırılması şöbəsinin mütəxəssisi Günel Bağırova hazırda bankda yoxlama aparıldığını təsdiq etsə də, bunun hər hansı maxinasiya ilə əlaqədar olmadığını dedi: “Bu bütün banklarda aparıla bilən bir yoxlamadır və hər hansı cinayət əməli ilə əlaqəsi yoxdur”.

Bankın bağlanması barədə yazılanlara gəlincə, müsahibimiz ötən il də belə bir informasiyanın yayıldığını və xəbərin yalnış olduğunu dedi: “Parabank”ın bağlanması üçün səbəb yoxdur. Ötən ilin sonundan isə “Parabank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən bankın nizamnamə kapitalı 50 milyon manata çatdırılıb”.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...