10 İyun 2014 16:09
648

İyunun 4-dən 7-dək Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. Konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə iştirak ediblər.

2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində Misir Mərdanov cəmiyyətin prezidenti seçilmişdi. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

İyunun 7-də Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.
Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçiliblər.

Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.

NİGAR


Müəllif: