21 İyun 2017 19:26
4 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesə Tağı Əhmədovun oğlu Ruslan Əhmədov suallara cavab verib. O, pulu Əli Əhmədovla birlikdə Akif Çovdarova verdiyini deyib.

Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət verərək həmin tarixə aid Ruslan Əhmədov, Əli Əhmədov, Akif Çovdarov və Çovdarovun sürücüsünün mobil telefonlarının anten məlumatlarının təqdim edilməsini istəyib. Hakim vəsatətə münasibət bildirməyib.

Daha sonra Akif Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi epizodu üzrə ifadə verib. O bildirib ki, İlqar Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub və hər şey qanun çərçivəsində olub.

Bunun ardınca Akif Çovdarov lətifə danışıb: "Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan, gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz günorta çağı oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim, elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim? İndi mən məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da. Mənim işim budur, dinləmə aparmalıyam".

Məlumat üçüm bildirək ki, zərərçəkmiş iş adamı İlqar Budaqov ifadəsində göstərib ki, tibbi ləvazimatları yerli firmalardan alaraq müxtəlif klinikalara satmaqla məşğul olub.

Hazırda "Vivalap” firmasının təsisçisi olan İ.Budaqov ifadəsində deyib ki, 2015-ci ilin mart ayında "Əcəmi” metrostansiyasının yaxınlığındakı ofisinə 8-9 nəfər mülki geyimli şəxslər gələrək özlərini MTN əməkdaşı kimi təqdim ediblər: "Birinin adı Azər idi. Məhkəmə qərarı göstərərək, ofisdə axtarış aparılacağını dedi. Qərarla tanış oldum. Səbail Rayon Məhkəməsinin qərarı idi. Ofisdə və maşınımda axtarış aparıldı. Ancaq heç nə götürülmədi. Azər Əliyev mənə qeyri-qanuni dərman vəsaitələrinin satışı ilə məşğul olduğumu, ölkədə botoks dərmanının satışını həyata keçirdiyimi dedi. Belə bir halın olmadığını dəfələrlə bildirdim. Azər Əliyev məni "podvala” saldıracağı, həbs edəcəyi ilə hədələməyə başladı. 30 min manat pul tələb etdi, fikirləşməyim üçün də vaxt verdi”.

İş adamı deyib ki, Azər Əliyev bir gün sonra zəng edib pulu istəyəndə ona imkanının olmadığını deyib. Bu zaman Azər Əliyev güzəşt edərək heç olmasa, 10 min verməsini istəyib: "Bununla da razılşamadım. Telefonda mənə hədə-qorxu gələrək tutduracağını söylədi. Dedi ki, çox az vaxtın qalır. Həbs ediləcəksən.

Təxminən 1 həftə sonra Azər yenidən zəng elədi. Mənə "krişalık” edəcəyini deyib heç olmasa, aylıq ona min manat verməyini təklif etdi. Bununla da razılaşmadım və maksimum olaraq ayda 200 manat verə biləcəyimi bildirdim. Bunu da ona görə etdim ki, məndən əl çəksin”.

İ.Budaqov ifadəsinin davamına bunları əlavə edib: "Azərin bu sözündən sonra razılaşdım ki, yayda iş yoxdur. İki aydan sonra danışarıq. Söhbətimiz belə də başa çatdı. Bundan sonra Azər mənə zəng etməyib. 2015-ci ilin aprel ayında dostumun toy mərasimində olarkən təsadüfən oradakı tanışlarından Azərin intihar etdiyini eşitdim. Sonra da bu xəbəri internetdə oxuyub dəqiqləşdirdim. Sonra mənə məlum oldu ki, intihar etmiş MTN işçisi məndən hədə-qorxu ilə pul tələb edən Azər Əliyevdir”.

Növbəti proses iyulun 3-də davam edəcək.

Bildirək ki, MTN zabiti iş adamı ilə bu söhbətlərdən cəmi bir ay sonra intihar edib. MTN polkovnik-leytenantı Azər Əliyevin adı həbsdə olan general Akif Çovdarovun ittiham aktında hallanır.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com