11 Oktyabr 16:33

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan Qlobal Stone MMC-nin baş direktoru Uğur Bəşirov, Global Construction MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Əədalət Rəcəbovun vəkili çıxış edib.

O, müvəkkilinin günahsız olduğunu deyib: “Cinayət işinin materiallarında müdafiə etdiyim şəxsə qarşı heç bir sübut yoxdur. Müvəkkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm”.

Daha sonra çıxış edən təqsirləndirilən Ədalət Rəcəbov çıxış edib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti proses oktyabrın 19-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4, Uğur Bəşirov 5, Qəzənfər Novruzov 4, Ədalət Rəcəbov 4, Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ağacavad Məmmədov və Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Hökmdə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb. Onlara izah edilib ki, yerli məhkəməyə mülki qaydada müraciət edə bilərlər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

2015-ci ilin mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.


Müəllif: Hacı Zeynalov